Çoxsahəli iqtisadi strategiyanın tətbiqi Baş Plan çərçivəsində Bakı şəhərində 372 375 yeni iş yerinin açılmasına imkan verəcək. Uzunmüddətli perspektivdə neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar müəyyən edilib.
“APA-Economics” xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, iqtisadiyyatın şaxələndirilməsi üzrə milli proqramlara uyğun olaraq, yeni şəhər iqtisadiyyatı konsepsiyası çərçivəsində mərhələli yanaşmanın tətbiqi təklif edilir. Bakının iqtisadiyyatının əsasını təşkil etməyə davam edəcək formalaşmış sahələr konsolidasiya edilməli və modernləşdirilməlidir. Eyni zamanda, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir.
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, zaman-zaman bu cür müsbət proqnozlar verilir, ancaq sonra yaddan çıxıraq, unudulur:
"Misal olaraq, 2010 cu illərdəki proqramlarda 2020-2025 - ci illərdə Azərbaycanın mədəni, inkişaf etmiş ölkələr sırasına qalxacağına, adambaşına düşən ümumi daxili məhsulun kəskin artacağına dair proqnozlar var idi. Ancaq hazırda həmin planlardan çox geridə qalırlar. Fikrimcə, 400 minə yaxın yeni iş yerinin açılması realdır. Çünki bağlanan iş yerləri haqqında məlumat yoxdur. 2023- cü ildə təxminən, 47-48 min iş yeri açılıb. Bu baxımdan fantastik bir statistika kimi görsənmir. Eyni zamanda təəssüf ki, bağlanan iş yerləri barədə bilgi yoxdur. Ona görə də yeni iş yeri açıla və daha sonra bağlana da bilər. Bu prosses həyata keçirilsə, Bakının iqtisadiyyatına çox yaxşı təsir edəcək. Əhalinin sosial vəziyyətinə müsbət effekt verəcək. Təbii ki, bu 10-15 ildə çox şey dəyişə bilər. Belə proqnozların arxasında müəyyən proqram, yəni hansı tədbirlərin görülməsinə dair məsələlər qeyd edilmədiyindən fikir söyləmək çox çətindir".