2023-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2022-ci ilə nisbətən 9.7% bahalaşıb.
Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 7.8%, təkrar mənzil bazarında isə 9.8% artıb.
Qeyd edək ki, 2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 1,7%, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8%, təkrar mənzil bazarı üzrə 1,7% artıb.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az" a açıqlamasında qeyd edib ki, Azərbaycanın əmlak bazarında, xüsusən Bakı Abşeron, Sumqayıt və digər böyük şəhərlərdə qiymət artımı uzun illərdir davam edir.
Ekspertin sözlərinə görə, ən çox qiymətlərdə yüksəliş 2023-cü ildə baş verib :
"Ötən il bəzi ərazilərdə 20-25 faizədək qiymət artdı. Lakin 2023-cü ilin oktyabrından başlayaraq əmlak bazarında ciddi bir durğunluq yaranıb. Həmin vəziyyət bu günə qədər davam edir və alıcı qıtlığı müşahidə olunur. Qiymətlərin bahalaşmasının isə müxtəlif səbəbləri var. Bir tərəfdən yeni binalar əvvəlki kimi çox tikilmir. Yəni, yeni qaydalara əsasən təşkil olunduğundan əvvəlki kimi çoxmərtəbəli hündür binalar inşa edilmir. Bu da birbaşa tikintinin maya dəyərinə təsir edir. Artıq fərdi həyət evlərində də çıxarışlı torpağa təlabat yüksəlib. Keçən ilin oktyabrın 1-dən başlayaraq yeni qərara əsasən, çıxarışı olmayan torpaqlar üzərində tikilmiş evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub.Bu da çıxarışlı torpaqların qiymətinə təsir etdi. Köhnə binalarda artım daha böyükdür. Bununda səbəbi pilot layihə üzrə onların yeni binalarla əvəzlənməsidir. Düşünürəm ki, yaxında ipoteka kreditləri ayrıldığı zaman bu sahədə müştəri çoxluğu müşahidə ediləcək".