"Məktəblərdəki psixoloq ştatı məsələsi çox problemlidir. Vakansiyada namizədlərə az yer verirlər".
Bu fikirləri "Sherg.az" a açıqlamasında psixoloq Elmir Əkbər bildirib.
Onun sözlərinə görə, az sayda uşağa bir psixoloq təyin edilməlidir:
"Təbii ki, həmin psixoloqun xüsusi təhsili olmalıdır. Yəni, hər kurs keçmiş, tanışlıq naminə, sosyal şəbəkələrdə aktiv reklam olunan şəxsləri psixoloq vəzifəsinə təyin etmək olmaz. Bu sahəyə işə götürülərkən təhsil və diplom ilə niyə maraqlanılmır? Hər yerindən duran psixoloq işləmək istəyir. Düşünürəm ki, yalandan özünü təqdim edənlərə qarşı tədbir görülməlidir. Bu cinayyət işidir. Dünyanın heç bir yerində bu cür tendensiya formalaşmayıb. Amma onu da nəzərə almaq lazımdır ki, məktəblərdə fəaliyyət göstərən psixoloqlar klinik(tibbi) psixoloq deyil. Ona görə də bir sıra məsələlərlə bağlı valideynlər ciddi səfərbər olmalıdırlar. Övladlarının səhətinin qeydinə qalmalı və bilməlidirlər ki, hər bir şagirdin imtahana psixoloji hazırlığı əsas elementlərdən biridir. Analar uşaqlarına imtahana gedərkən sakitləşməsi üçün dərman vasitələri verirlər. Bu isə beyindəki bütün prossesləri ləngidir. Nəticədə uşaq bildiyini də yaza bilmir. Qidalanmağa və yuxu rejiminə diqqət etmək lazımdır. Bir gün öncə dərs oxumaq məqsədəuyğun deyil. Uğurlu nəticə əldə etmək üçün sosyal şəbəkələrdə az vaxt keçirməliyik".