Son dövrlərdə sexlərdə, tibb müəssisələrində və bir sıra digər anbar tipli obyektlərdə qeydə alınan yanğınların sayı artıb. Axı yanğın təhlükəsizlik qaydalarına riayət etməklə bunun qarşısını almaq mümkündür.
Sual yaranır. Müəsisələr yanğınla mübarizə şəraitində təhlükəsizlik qaydalarına əməl etmirmi? Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün hansı tədbirlər görülməlidir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, təyinatından asılı olmayaraq bütün obyektlər yanğın təhlükəsizlik haqqında qaydalara əməl etməlidir:
"Obyektlər yanğın dolabları, yanğın hidrantları, su çəni və zəruri yanğından mühafizə vasitələri ilə təchiz edilməlidir. Sadaladıqlarımız yanğına qarşı görülən kompleks plandır. Partlamaya, yanmaya meyilli avadanlıqlarla düzgün davranış qaydaları, hansısa təmir işləri aparılarkən yanğın təhlükəsizlik rejiminə əməl etməklə bu vəziyyətin qarşısını almaq olar. Belə olduqda yanğının baş vermə riski minumuma endirilir. Yanğın baş verdikdən sonra təxliyə yolları seçilməlidir. Bu isə öncə yaradılan rejimlə müəyyən olunur. Könüllü yanğınsöndürmə dəstəsinin əməkdaşları təxliyə, tibbi-yardım prossesi, içəridə qalanların çıxarılması kimi mühüm məsələlərə nəzarət edir. Ən önəmli nüans təchizatın yerində olmasıdır. Hər bir məkanın spesifik xüsusiyyətləri mövcuddur. Yəni, ofis şəraitində belə yanğın riski var. Misal olaraq açıq oddan istifadə edilib, qızdırıcı elektrik avadanlıqlarının nəzarətsiz qalması, ehtimalları artırır. Təbii ki, istehsalat, sənaye müəsisələri, anbarlarda yanğın riski daha çoxdur. Həmin müəsisədə olan generatorların, nasosxana,yüksək təzyiqli aparatlar, qaz balonlarının kifayət qədər təhlükəsi var. Ona görə də diqqətli olaq!".