Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, bu hüquq Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərdədir.
"Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.Müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 923 manat olduğu üçün həmin şəxs müraciə edən zaman 4615 manat müavinət ödəniləcək.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum qalmış uşaqların sosial-müdafiəsi haqqında Azərbaycan Respublikasında qanunun mövcud olduğunu deyən iqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, qanun 1999-cu ildə qəbul edilməsinə baxmayaraq, 2019 -cu ildə əlavə düzəlişlər verilib :
"Burdakı 8-ci maddəyə əsasən valideynlərini itirmiş və himayədən məhrum olmuş uşaqlar habelə, onlarıın arasında olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti tərəfindən orta əmək haqqının 5 mislindən az olmayan miqdarda əlavə olaraq paltar, ayaqqabı,yumşaq ləvazımat və avadanlıqla təmin olunurlar. Orta əməkhaqqının statistikası 1 ay ləngimə ilə həyata keçirilir. Çünki vaxt alan prossesdir. Hazırda qeyd edilən rəqəmə uyğun ödəniş olunacaq. Bunu da iş yeri həyata keçirmir. Buna görə Müvafiq icra hakimiyyəti orqanına müraciət etmək lazımdır ".