Psixoloqdan sərt tənqid: Valideyinlər övladları ilə maraqlanmadığı üçün onlar avara olurlar

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov  Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən şəxs də məktəblidir.                   
Belə bir hadisənin baş verməsi insanı düşündürür. Sual yaranır ki, indiki dövrdə yetkinlik yaşına çatmayan uşaqlarda bu aqressiyanın səbəbi nədir?                                      
Məsələ ilə bağlı Sherg.az"a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, Azərbaycanda günümüzün əsas problemlərdən biri ailələrin normal formadan çıxaraq boşanmamış evlilər olaraq qalmasıdır:                 

"Yəni, ailə yoxdur və formal xarakter daşıyır. Bir sözlə, ailədaxili prosseslər düzgün getmir. İndiki dövrdə atalar övladları ilə yetərincə vaxt keçirdərək məşğul olmurlar. Nəticədə həmin uşaqlar küçə həyatını seçir, referant qruplara qoşulurlar. Valideyn görür ki, uşaqda davranış pozuntuları var. Ancaq bu problemi həll etmək əvəzinə övladını özbaşına qoyur. Hadisəni araşdırsaq, görərik ki, hansısa sözdən, söyünc səbəbindən qatil hadisəsi baş verib. Ona görə də valideynləri diqqətli olmağa çağıraq. Əgər uşağınızda hansısa davranış pozutusunu müşahidə edir və bu nüansı aradan qaldırmaqda çətinlik çəkirsizsə, mütləq mütəxəssisə müraciət edin" .