2023-cü ildə övladlığagötürmə ilə bağlı müraciət sayı 353, övladlığa verilmiş uşaq sayı isə 141 olub.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, övladlığagötürmə ilə bağlı aparılan monitorinq sayı isə 1145 olub:
"Övladlığa götürülən uşaqlardan 91 nəfəri yaxın qohumu, 27 nəfəri ögey ata (ana) tərəfindən övladlığa götürülüb".
O qeyd edib ki, Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirir.
Çox təəssüf ki, Azərbaycanda valideyn himayəsindən məruz qalmış çox sayda uşaq var. Buna baxmayaraq, niyə görə ölkədə övladlığa götürülən uşaqların sayı azlıq təşkil edir?
Vəziyyəti dəyərləndirən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, bu mentalitet və ənənə ilə bağlı olan bir nüansdır:
"Bir qədər də insanlar buna öz aləmlərində yaratdıqları "əxlaqi dəyərləri" əlavə edirlər. Bəziləri uşaqlar evində olan körpələri "hardan gəldiyi məlum olmayan" adlandırırlar. Bu etiketə nəzərən övladlığa götürmək Azərbaycanda müsbət, təqdiredilən addım deyil. İnsanlar nə qədər özlərini inkişaf etdirib, təhsil alsalar da, valideynlərinin xarakterini götürür. Bu faktorları nəzəra alaraq uşaq himayəyə götürmək mənfi baxılan bir məsələ kimi aktuallaşıb. Digər tərəfdən də əsası olmayan fikirlər mövcuddur. Məsələn, söyləntilərə görə övladlığa götürmək çətin prossesdir. Bunun üçün "fantastik şərtlər" lazımdır. Həmçinin, kültür olaraq övladı olmayan şəxslərə yaxınları, bacısı və qardaşı uşaq dünyaya gətirərək verir. Onun heç vaxt başqasının körpəsinə sahiblənmək kimi ehtiyyacı yaranmır. Bunun nə qədər doğru yanaşma olması isə müzakirə oluna bilər. Hazırkı toplumda insan- insana yük kimi gəlir. Bu zaman isə başqasının övladı, məsuliyyəti bizə daha çox ağır gəlir. Əlbəttə ki, sistemin uğurlu olmaması bir tərəfdən müsbət qarşılana bilər. Çünki insanlar düşünsələr ki, övladlarını sığınacaqda tərk etdikdən sonra uşağı daha yaxşı ailədə böyüyə bilər, bu halda atılan uşaqların sayı daha da artacaq".