COP29: Yaşıl dünya naminə həmrəylik ili

Ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Bu vaxtadək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Onlara beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri də aid etmək olar. Bunları nəzərə alsaq əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə ev sahibliyi edib. Bu il isə Azərbaycan ən böyük beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
COP29 modelinin nə kimi perspektiv cəhətləri olacaq? Bu böyük tədbirin Azərbaycanda keçirilməsinin  nə kimi əhəmiyyəti var?

Məsələyə münasibət bildirən  Ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında deyib ki, belə tədbirlər çox böyük olur və 29- cu konfrans bu ilin noyabr ayının ortalarında keçiriləcək:

"Cop ingilis dilindən tərcümədə "Tərəflər konfransı" deməkdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının hər il apardığı bir tədbirdir. Bura 60-80 minə yaxın insanın gələcəyi gözlənilir. Təxminən 200-ə yaxın dövlətin nümayəndəsi iştirak edəcək. Azərbaycanda bu il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Cop29-u bu ilin ən böyük tədbiri hesab edirəm. Çünki Azərbaycan 2030-cu ilə qədər öz ərazisindən atmosferə atılacaq istixana qazlarının ümumi miqdarını 35 faizədək azaltmağı əsas məqsəd kimi qoyub. Hazırda dövlətimiz "yaşıl enerji ölkəsi"-nə  çevrilməkdədir. Yenilənə bilən enerji mənbələrindən istifadəyə çox böyük investisiyalar qoyulur, irimiqyaslı enerji stansiyaları tikilir. Yaxın gələcəkdə Azərbaycan yaşıl hidrogen ixracatçısına çevriləcək və bu istiqamətdə regionda liderliyini qoruyub saxlayacaq. Hər il tərəflər konfransında mühüm qərarlar qəbul edilir. Misal olaraq 2015- ci ildə "Paris razılaşması" əldə olunub. Həmin razılaşmalar çərçivəsində ölkəmiz üzərinə müəyyən öhdəliklər götürüb. Bu da hər il ölkələr tərəfindən yoxlanılır. Bu yöndə Azərbaycan milli hesabatlarını verir, məqsədinə çata bildiyini mütəmadi olaraq bəyan edir".