Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Mövcud qaydalara əsasən, ehtiyac meyarının artması, 2024-cü ildən etibarən ünvanlı sosial yardım alan və alacaq olan ailələrin yardım məbləğinə təsir göstərir. Yəni, ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər”.
Vüqar Bayramov diqqətə çatdırıb ki, qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə o halda həmin ailə, yardımı dayandırıb yenidən müraciət edə bilər.
“Yəni, ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə o halda yenidən müraciət hüququna malikdir. Bununla, həmin ailə daha çox məbləğdə yardım üçün müraciət edə bilər. Həmin ailə elektron kabinet üzərində yardım dayandırılması və yenidən müraciəti həyata keçirməlidir. Bütövlükdə, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”.