Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlillik təyin olunub.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar 2023-cü ildə də davam etdirilib.
"Bu sahədə 2022-ci ilin 1 iyulundan tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-ə çatdırılıb. Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb".
Agentlik sədri eyni zamanda, qeyd edib ki, 2023-cü ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.
O bildirib ki, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib. Reabilitasiya xidmətlərinə əlçatanlığı daha da artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib:
"Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il Agentlik həmçinin 10,5 min nəfər əlilliyi olan şəxsi 91,4 min reabilitasiya vasitəsi ilə təmin edib".
Anar Bayramov deyib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra sosial dəstək proqramı çərçivəsində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min nəfərə 56,3 min reabilitasiya xidməti göstərilib, həmçinin 460 şəxs 481 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub:
"Son 5 ildə ölkəmizdə müasir reabilitasiya sistemi qurulub, habelə reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ötən il dekabrın 1-dən Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində fəaliyyətə başlayan Ambulator Reabilitasiya Mərkəzi (“RehaPoint”) tərəfindən bölgədə yaşayan 120-dək şəxsə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstərilib, əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilib. Həmçinin, 2022-ci ildən fəaliyyətə başlayan “RehaBus” (Reabilitasiya Avtobusu) layihəsi çərçivəsində artıq 1232 nəfərə xidmət göstərilib".
Agentlik sədri onu da vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.