Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ildə 50,7 min şəxsə əlillik təyin olunub.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi sahəsində mütərəqqi dünya təcrübəsinə uyğun islahatlar 2023-cü ildə də davam etdirilib:
"Bu sahədə 2022-ci ilin 1 iyulundan tətbiq olunan yeni meyarların sayı ötən il daha da artırılaraq 617-ə çatdırılıb. Həmçinin bir sıra meyarlar üzrə orqanizmin funksiyalarının pozulması faizləri və əlillik müddətləri artırılıb".
Anar Bayramov qeyd edib ki, ötən il 25 526 nəfərə təkrar əlillik, 25 200 nəfərə ilkin əlillik təyinatı aparılıb.
O bildirib ki, ilkin əlillik təyinatında ötən illərlə müqayisədə 27 faiz artım olub:
"50 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər isə birinci qrup üzrə əlillik 6 faiz olurdu. Gördüyünüz kimi burada 4 dəfə artım qeydə alınıb. Əlillikdə əsasən göz və pxisi xəstəliklər əsas yer tutur. Ötən il əlillik üçün müraciətlərin 54 faizinə müsbət cavab verilib".
Agentlik sədri, həmçinin əlavə edib ki, təkrar əlillik üçün müraciətlərin sayı 2 dəfə azalıb:
“Yeni meyarların qəbul edilməsindən sonra 64 mindən çox şəxsə əlillik təyinatı aparılıb”.