Kənan Qubadzadə: Narkotiklə bağlı cinayətləri işsiz və oxumayanlar törədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidir


  Ötən il Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar törədib. Bu barədə Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd olunub. Bildirilib ki, onlardan 2,8 faizini qadınlar təşkil ediblər. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub. Qeydə alınan 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8697 şəxs müəyyən edilib. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunublar. Məlumata görə, 6343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26,0 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

  Narkotizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat 15 ildir fəaliyyət göstərir:
 - Narkotizmlə Mübarizə İctimai Birliyi spesifik təşkilatdır. Narkotizmlə mübarizə istiqamətində indiyədək  biz bir çox layihələr həyata keçirmişik. Bunlar əsasən maarifləndirmə layihələri olub. Ümumiyyətlə, DİN Baş narkotiklərlə Mübarizə İdarəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası maarifləndirmə tədbirlərinə daha çox üstünlük verir. Xatırlayırsınızsa, DİN “ən yaxşı qısametrajlı film” müsabiqəsi də elan etmişdi. Hesab edirəm ki, biz müasir metodlara keçid etməliyik. Qısametrajlı filmlər, roliklər daha çox effekt verir. Həmçinin tanınmış şəxslərin, ictimaiyyətdə nüfuzu olan ziyalıların çağırışları da effektlidir.   
  Narkotik maddə istifadəçiləri arasında işsiz və təhsilsiz şəxslərin çoxluq təşkil etməsi isə bunu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidir. Məsələn, ƏƏSM-nin özünüməşğulluq proqramları var. Proqramların sayı hər il artırılır, regionlarda da bu proqramlar həyata keçirilir. Bu proqramlara gənclər cəlb edilir.  Cənab Prezident andiçmə mərasimindəki nitqi zamanı da bu məsələyə toxundu və qeyd etdi ki, Azərbaycan gəncləri sağlam ruhlu olmalıdır. Odur ki, əlaqədar qurumlar Prezidentin çıxışında göstərdiyi istiqamətlər üzrə fəaliyyətlərini daha da səmərəli etməyə səy göstərməlidirlər.

K.Qubadzadə bildirdi ki, yeniyetmə və gənclərlə bağlı da dəfələrlə maarifləndirici tədbirlər keçirilib: 
- Elm və Təhsil Nazirliyinin bu istiqamətdə xüsusi proqramı var. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının səlahiyyətli nümayəndələri ilə birlikdə orta məktəblərdə daimi monitorinqlər aparılır, istər Bakı şəhəri, istərsə də regionlarda maarifləndirici tədbirlər keçirilir. Yuxarı sinif şagirdləri ilə görüşlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları onları məlumatlandırır və bildirilir ki, narkotiklərlə bağlı hər hansı şübhəli məqam, kimlərinsə cəlbinə cəhdlər gördükdə anonimlik qorunmaq şərtilə müraciət edə bilərsiniz. İctimai birlik olaraq biz də bu cür tədbirlərdə yaxından iştirak edirik. Qadınlarla da bağlı tədbirlər keçirilir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə cəzaçəkmə müəssisələrində oluruq, məhbuslarla görüşürük. Təəssüflə qeyd etməliyəm ki, qadınlar arasında da qurbanlar var. Düzdür, bu, kiçik faizdir. Amma dövlət orqanları, ictimai təşkilatlar da daim cəmiyyətə çağırışlar edərək bu bəla ilə mübarizədə birgə fəaliyyətin zəruriliyini vurğulayırlar.