Hüquq müdafiəçisi: Müəllimlərin əvvəlki nüfuzu qaytarılmalıdır

Valideyn evdə islah edə bilmədiyi uşağı müəllimə tapşırırdı

Təcrübə göstərir ki, məktəb həyatının uşaqlara ötürdüyü dəyərlər daha güclü olur

“Müəllim-şagird münasibətinə yenidən baxılmalıdır. Əgər proses tənzimlənməsə, növbəti dövrlərdə də biz belə halların daha da artdığını müşahidə edəcəyik”


  Uşağı düzgün tərbiyə etməyən valideynlər məsuliyyət daşıyacaq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaq hüquqları haqqında” qanun layihəsi  hazırlayır. Layihədə uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.
  
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə “Sherg,az”a açıqlamasında deyib ki, ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemlərindən hesab edilir.
Xüsusilə son illər inkişaf etmiş dövlətlərdə ailə münasibətləri prioritet məsələlərdən birinə çevrilib. 
  X.Teyyublunun sözlərinə görə, Azərbaycan cəmiyyətində baş verən köklü, əsaslı dəyişikliklər həyat və fəaliyyətin bütün sahələrinə, o cümlədən ailədaxili münasibətlərin formalaşmasına ciddi şəkildə təsir göstərib və təsir göstərməkdə davam edir:
 “Bunun isə bir sıra sosial-psixoloji əsasları var. Cəmiyyət həyatında baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərirsə, digər tərəfdən də mənəvi-əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyət həyatında baş verən dəyişikliklər, insanlardan bir tərəfdən dünya dövlətlərinə inteqrasiyanı tələb edirsə, digər tərəfdən də milli xüsusiyyətlərimizin, adət-ənənələrin qorunmasını, inkişaf etdirilməsini tələb edir. Bütün bunlar həm ayrı-ayrı şəxslərin həyat və düşüncə tərzinə təsir göstərir, həm də bütövlükdə ailə həyatına, ailədaxili münasibətlərə təsir göstərir. Lakin insanlar cəmiyyət həyatında baş verən belə dəyişikliyə psixoloji baxımdan hazır deyillər və bu hal cəmiyyətdə, eləcə də ailələrdə bir sıra problemin yaranmasına səbəb oldu.
Son günlər yaşanan xoşagəlməz hadisələr də kifayət qədər  narahatlıq doğuran məsələlərdir”. 

  X.Teyyublunun sözlərinə görə, bu hadisələrin kökü uşaq bağçalarında, orta məktəblərdə təlim-tərbiyənin düzgün qurulmamasından gedir. Sanki zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. 
Sözügedən qanun layihəsinə gəldikdə isə X.Teyyublu hesab edir ki, uşaqların hər hansı bir aqressiv davranışına görə valideynlər yalnız mənəvi məsuliyyət daşıya  bilər: 
“Uşaqların tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb boya-başa çatdığı ailəsi ilə bağlıdır. Deməli, bir uşaq hansısa bir cinayət əməli törədirsə, bu artıq təkcə valideynin yox, cəmiyyətin, ətraf mühitin, məktəbin də  problemidir. Təcrübə göstərir ki, məktəb həyatının uşaqlara  ötürdüyü dəyərlər daha güclü olur.
  Ata-ananın tərbiyə prosesində nə qədər böyük rolu varsa, məktəb və müəllimin də  bir o qədər əməyi var. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Xüsusən də, müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur. Lakin bu sahədə bizdə kifayət qədər boşluqlar və çatışmazlıqlar var. Müəllim-şagird münasibətinə yenidən baxılmalıdır. Əgər proses tənzimlənməsə, növbəti dövrlərdə də  biz belə halların daha da artdığını müşahidə edəcəyik.
  Mütləq şəkildə müəllimlərin əvvəlki nüfuzu qaytarılmalıdır. Valideyn evdə islah edə bilmədiyi uşağı müəllimə tapşırırdı. “Əti sənin, sümüyü mənim” deyirdi. Ona görə də ozamankı uşaqların bir qismi ali təhsil görməsə də, normal vətəndaş, normal sənət sahibi olurdu. Amma indi  uşaqların hüquqları adı altında müəllimlər gözdən salınır. Müəllimlər uşaqların nə təhsilinə, nə tərbiyəsinə müdaxilə edə bilmir. Müəllimlər tərbiyəçi rolundan tamamilə kənarlaşdırılıb, bütün məsuliyyət valideynlərin üzərinə atılıb. Bu isə düzgün yanaşma deyil. Uşaqların tərbiyəsində məktəb ailələrlə müştərək işləməlidir. Əks halda uşaqların tərbiyəsi istədiyimiz formada olmayacaq. Uşaqların əməllərinə görə valideynlərin cəzalandırılması belə  çıxış yolu deyil. Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Kişi müəllimlərin təhsilə cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlərə ehtiyac var”.