Azərbaycanda qadın ona söz atan kişini döyüb. Naxçıvan şəhər Heydər Əliyev prospektində Orxan (ad şərtidir) və Gülmira (ad şərtidir) arasında şəxsi münaqişəsi zəmnində mübahisə baş verib. Naxçıvan DİN yayılan görüntülərlə bağlı milli.az-a açıqlama verib. Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcəkdir.
Məsələyə münasibət bildirən QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai “Sherg.az”a vurğulayıb ki, şiddət heç bir halda cəza metodu deyil:
"Cəmiyyət olaraq, psixoloji və fiziki şiddətə qarşıyıqsa, bu yanlışı başqasına tədbiq etmək doğru olmaz. Yəni uyğun bildiyimiz davranışları heç vaxt fərdlərin vərdişinə, həyat tərzinə çevirə bilmərik. Ümumiyyətlə, şəxsiyyətindən asılı olmayaraq birisinə yanlış edildikdə, şərəf və ləyaqəti alçaldılanda hüquq mühafizə orqanlarına müraciət olunmalıdır. Bu zaman qanun aliliyini qoruyub saxlayacaq".
S.Fədai bildirib ki, son vaxtlar cəmiyyətin sərgilədiyi aqressiya narahatlıq yaradır:
"Bu halda insanlar arasında şiddəti təbliğ etmiş oluruq. Hərə birinə cəza tətbiq etsə, bəs onda hüquq və qanunlarımız nə üçündür? Məişət üslubu, mental qanunlarla dövlətin qaydalarının üzərində keçmiş oluruq. Belə olduğu təqdirdə cəmiyyətin sonu necə olar? Ona görə də sosyal şəbəkələrdə və yaxud həyatda təhqir, təhdidlərə qarşı müvafiq qurumlara müraciət etməliyik. Görüntülərdən məlumdur ki, yaxınlıqda polis var və həmin xanım şikayyət edə bilərdi. Təsəvür edin ki, xanım ona söz atan kişiyə hücum edərkən bəy sakit davranmasa, üzərindəki kəsici alətlə zərbə endirsə, hadisənin sonu ölümlə nəticələnə bilərdi. Bir sözlə, vətəndaş olaraq qanunlara hörmət etmədikdə o sıradan çıxacaq və problemlər çoxalacaq".