Stasionar su tutarları və daxili paylayıcı su şəbəkələri ildə ən azı bir dəfə yuyulmalı və dezinfeksiya olunmalıdır
Ölkəmizdə suyun keyfiyyətinin aşağı olması ilə bağlı iddialar var. Hər nə qədər rəsmi qurumlar tərəfindən Azərbaycanda suyun keyfiyyətinin normalara uyğun olduğu bildirilsə də, heç kəs krant suyu içmir.
Ümumiyyətlə, Bakıda əhaliyə verilən içməli suyun tərkibi məsələsi tez-tez müzakirələrə səbəb olur. Sakinlər bildirirlər ki, evlərində su krantını açdıqları zaman bəzən pas, palçıq gəlir, süzgəclərdə zibil toplanır, qaynanılan zaman da xeyli ərp yığılır. Buna səbəb kimi də Bakıda əhaliyə verilən suyun anbarlarda filtrasiyadan normal keçirilmədiyi göstərilir.
Mütəxəssislər isə su hövzələrinin daim nəzarətdə saxlanmasının vacibliyini qeyd edir. Xüsusilə də məişətdə içməli su sistemləri mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Hətta AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 12 may 2023-cü il tarixdə “Ölkə əhalisinin keyfiyyətli su təminatı – dünən, bugün və sabah” mövzusunda keçirilən konfransda alim və mütəxəssislər məruzələrində su ehtiyatlarından düzgün istifadə etməklə yoluxucu infeksion xəstəliklərin yayılmasının qarşısının alına biləcəyini bildiriblər.
“Sanitariya Epidemioloji Xidmətlər” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruFuad Həsənzadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda su təsərrüfatında yarana biləcək problemlərin qarşısının alınmasında dövlət tərəfindən irimiqyaslı layihələr uğurla həyata keçirilir:
Ölkənin su ehtiyatından qənaətlə və səmərəli istifadə edilməsi daim ictimaiyyətin diqqətindədir. Paytaxt Bakı və digər iri şəhərlərdə inşa edilən müasir yaşayış binalarında tikilən stasionar ehtiyat su tutarlarının sanitariya normalarına cavab verməsi qanunvericiliklə tənzimlənir. Ölkədə inşa edilən yaşayış, qeyri-yaşayış binalarında, qida emalı müəssisələri və ictimai iaşə obyektlərində su tutarlarının olması nəzərə alınır. Su tutarları insanları fasiləsiz olaraq su ilə təmin edir. Həmin su tutarlarının istismarı zamanı sanitar normalara riayət edilmədikdə orada olan su keyfiyyətini itirir, hətta gözləmədiyimiz halda yoluxucu xəstəlik mənbəyinə çevrilir.
Təəssüflə qeyd etmək lazımdır ki, əksəriyyət MTK və MMC-lər bu normaya əməl etmirlər. Mülkiyyət formasından və təyinatından asılı olmayaraq su tutarları olan, bəzi daşınmaz əmlak sahibləri onların təmiz olduğunu iddia edirlər. “Suyumuz təmizdir, heç nə olmaz.”, “Suyu təmizləmək üçün boşaltsaq camaat susuz qalar.”, “Sanitar tədbirləri həyata keçirmək üçün ehtiyat su anbarımız yoxdur.”, “Onsuz da heç kim krandan su içmir, qaynadıb içərlər.”, “Hələ sudan xəstələnib ölən görməmişik.”- kimi bu və digər əsassız bəhanələr gətirərək sanitar normaları ciddi şəkildə pozurlar. Həmin “təmiz” su tutarlarının divarlarında, dibində olan yumşaq formada desək çirki, gəmirici və digər zərərvericilərin qalıqlarını həmin şəxslərə göstərdikdə isə bu iddia sahiblərindən bəziləri sonradan su tutarlarının təmizlənməsinə razılıq verirlər. Biz də “Sanitariya Epidemioloji Xidmətlər” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq özümüzə mənəvi borc bilirik ki, ölkədə yeni su mədəniyyətinin formalaşdırılması üçün bu barədə ictimaiyyət və xüsusilə sahibkarlar arasında maarifləndirmə işinin həyata keçirilməsi istiqamətində startapa başlayaq.
İqtisadiyyat Nazirliyinin yeni yaşayış binalarında sayğacların vətəndaşların istifadəsinə ödənişsiz verilməsi ilə bağlı Qanunun icrasının təmin olunması qərarı rəğbətlə qarşılanmışdır. Stasionar su tutarlarının sanitariya-epidemioloji normalara cavab verməsi AZS 929:2023 Standartında (maddə 4.5. “j” bəndi, maddə 4.7 “b” bəndi) təsbit olunmuşdur. Normativ hüquqi aktın icrasının təmin olunması məqsədilə MTK və MMC-lərlə sakinlər arasında bağlanılan müqavilədə;
- stasionar su tutarının və daxili paylayıcı su şəbəkəsinin ildə ən azı bir dəfə yuyulub təmizlənməsi və dezinfeksiya olunması bəndinin əlavə edilməsini təklif edirik".
F. Həsənzadənin sözlərinə görə, bəndin əlavə edilməsi mühüm ictimai-siyasi əhəmiyyət kəsb edərək dövlətin vətəndaşlarına diqqət və qayğısını, yoluxucu infeksion xəstəliklərin su vasitəsilə yayılmasının qarşısının alınmasını, suyun keyfiyyətlə və səmərəli istifadəsini və müqavilənin bərabərhüquqlu olmasını təmin etmiş olar:
“ “Sanitariya Epidemioloji Xidmətlər” MMC olaraq qanunvericilikdə su tutarlarının təmizlənməsinin müddətinin dəqiq göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına təklif ünvanlamış və onlardan müsbət rəy almışıq. “Sanitariya Epidemioloji Xidmətlər” MMC olaraq Paytaxt Bakıda və Respublikanın bölgələrində su tutarlarının mexaniki yolla yuyulub təmizlənməsi və dezinfeksiya olunması ilə bağlı kifayət qədər əməkdaşlıq etdiyimiz müəssisələr var. Fəaliyyət missiyamız ekologiyaya, insan sağlamlığına, müəssisələrə, şəxsi mülkiyyətə, biznesə, kənd təsərrüfatına və iqtisadiyyatın müxtəlif sahələrinə ciddi ziyan vuran zərərvericilərə qarşı mübarizə aparmaqla, insanları xəstəliklərdən qorumağa, ekoloji mühitin mühafizəsinə, eləcə də sahibkarların işinin qorunmasına xidmət etməkdir.
“Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin fəaliyyəti təkcə dezinfeksiya, dezinseksiya, deratizasiya tədbirləri ilə məhdudlaşmır.Biz həmçinin bitkilərin qorunması, evlərdə, mənzillərdə, xidmət və iaşə obyektlərində təmizlik işləri (müxtəlif növ baca təmizliyi, kafel, metlax, kovrolit, matras, yumşaq mebel, alpinist şüşə təmizliyi), təhlükəli tullantıların utilizasiyasını həyata keçiririk.
Şirkətimiz ölkənin hər yerində fəaliyyət göstərən özəl və dövlət idarələri, tikinti şirkətləri, tibb, təhsil müəssisələri, inzibati binalar, nəqliyyat vasitələri, restoranlar, otellər, zavod və fabriklər, anbarlar, sexlər, ticarət, biznes mərkəzləri, ofislər, evlər, mənzillər və digər məkanlarda xidmət göstərir".
Suyun bir mədəniyyət olduğunu vurğulayan “Sanitariya Epidemioloji Xidmətlər” MMC-nin baş həkimi, sanitar-epidemioloq Elmira Əkbərova isə hesab edir ki, insan yeganə varlıqdır ki, sudan istifadənin, onun əhəmiyyətini, varlığını şüurlu surətdə dərk edir:
“Ulu öndər Heydər Əliyevin siyasətinin bir istiqaməti də ölkə əhalisinin keyfiyyətli su təminatı ilə bağlı olub. Respublikanın müxtəlif ərazilərində nəhəng su anbarları yaradılıb, habelə paytaxt Bakının içməli su təminatı üçün 1970-1971-ci illərdə Kür su kəmərləri çəkilib, 2002-ci ildə Oğuz-Qəbələ rayonlarından bulaq sularının gətirilməsi barədə tapşırıq vermiş və bu layihə dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilib. Azərbaycan Respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyeva dövlət xadimi və həkim kimi vətəndaşların sağlamlığının qayğısına qalaraq bir çox layihələrə müəlliflik edir.
Qlobal iqlim dəyişikliyi nəticəsində dünyada su qıtlığı problemi meydana çıxıb və təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan da bu çətinliklə üzləşir.
Prezident cənab İlham Əliyev ölkənin ağır su problemi ilə üzləşməyinin qarşısını almaq məqsədilə hələ 2020-ci ildə su təsərrüfatının vəziyyəti haqqında geniş müşavirə keçirib və məsələ ilə bağlı 27 iyul 2020-ci ildə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb”.
E.Ələkbərova həmçinin qeyd edib ki, su tutarlarında sanitar normaların pozulması nəticəsində su vasitəsi ilə törənən xəstəliklərin (qarın yatalağı, paratif A, paratif B, vəba, bağırsaq xəstəlikləri və s.) qarşısını almaqdan ötrü profilaktik olaraq qanunvericiliyin tələblərinə uyğun onların mexaniki yolla yuyulması, təmizlənməsi və dezinfeksiya olunması əhalini yoluxucu xəstəliklərdən qoruyur. Bu sudan səmərli, qənaətlə, həm də keyfiyyətli istifadə deməkdir:
“ Yaxın illərdə dünyanı bürüyən COVİD19 pandemiyasının şahidi olduq və çox təəssüf ki bu bəla bizdən də yan keçmədi. Mən bir sanitar- epidemioloq həkim kimi uzun illərin təcrübəsindən çıxış edərək nəzərinizə çatdırmaq istəyirəm ki, sanitar- gigiyenik normalara cavab verməyən su vasitəsilə törənə biləcək yoluxucu xəstəliklər epidemiya yaradır.
Məhz bu səbəbdən su təchizatı ilə bağlı kifayət qədər qanunvericilik aktları qəbul edilərək cavabdeh şəxslərin hüquqi məsuliyyəti təsbit olunub.Respublikanın böyük su hövzələri daim dövlət tərəfindən mühafizə edildiyi kimi, biz də öz növbəmizdə su tutarlarında sanitar qaydalara əməl etməyə çağırırıq.
Su keyfiyyətli olmasa özümüzü, övladlarımızı təhlükə qarşısında qoyarıq.Cavabdeh şəxslərin su tutarlarının sanitar normalara cavab verməsinə sövq edək və lazım gələrsə qanunla tələb edək.Bu bizim Konstitusiya hüququmuzdur”.
Qeyd edək ki, stasionar su tutarlarının yuyulub təmizlənməsi və dezinfeksiya olunması ilə bağlı Sanitariya.az səhifəsindən daha ətraflı məlumat əldə edə bilərsiniz.