Azərbaycan Respublikasının Ali Məhkəməsi məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması haqqında ayrıca iddianın qaldırılmasını mümkün hesab edən qərardad qəbul edib.
Məhkəmədən APA-ya verilən məlumata görə, qərardada əsasən barışıq razılaşması mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Barışıq sazişi məhkəmə tərəfindən də təsdiq oluna bilər. Məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını yoxlayır və protokollaşdırır. Bu baxımdan məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi prosessual hərəkətlərdir.
Tərəf məhkəmə aktının prosessual tələblərə uyğun çıxarılmadığına istinad edərək sazişin təsdiq olunması və işin icraatna xitam verilməsi barədə qərardaddan şikayət verə bilər.
Bununla belə, məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir.
Qərardadda o da vurğulanıb ki, barışıq sazişinin etibarsız sayılması barədə iddianın qaldırılması, həmin sazişi təsdiqləyən məhkəmə qərardadı əsasında verilmiş icra sənədinin icrasının dayandırılmasına əsas vermir.