Restoran sahiblərinə tələb qoyulmalıdır
Ötən gün qarşısı alınan erkən nikah səbəbkarları, yəni valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib ki, azyaşlı və valideynlərinə, eyni zamanda qarşı tərəf və onun valideynlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər. Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla peşə təhsilini davam etdirəcək.
Məlumat üçün bildirək ki, Bakının Maştağa qəsəbəsində 16 yaşlı qızın bu günlərdə toyunun olacağı ilə bağlı məlumat yayılmışdı.
Onu da deyək ki, hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Ölkəmizdə də bu istiqamətdə kifayət qədər maarifləndirmə və profilaktik tədbirlər keçirilir. Mütəmadi olaraq da bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılır.
Xüsusən də, təhsildən yayınan, sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələri dövlət qurumları və ya qeyri-hökumət nümayəndələri ziyarət edərək valideyn və uşaqlarla fərdi profilaktik işlər aparır. Əgər belə ailələrdə erkən nikah, uşaq evlilikləri faktı aşkalanarsa, qarşısı alınır.
Lakin bütün bunlara rəğmən yenə də mövcud problemin qarşısını almaq mümkün olmur. Tez-tez hansısa azyaşlının ərə verilməsi, erkən nikaha məcbur edilməsi barədə məlumatlara şahid oluruq.
Erkən nikaha cəlb olunan qızlar cəmiyyətdən təcrid olunur, təhsildən uzaqlaşır, gələcəkdə övladının savadlı yetişməsinə fayda verə bilmir. Daha bir məsələ. Dəfələrlə şahidi olmuşuq ki, erkən nikaha girən qızlar bəzən ailədəki çətinlikləri, zorakılıqları dəf edə bilmədikləri üçün intihara əl atır.
Bu səbəbdən də məsələ daim ictimaiyyətin diqqət mərkəzində olur və insanlarda çox ciddi narahatlıq doğurur. Sosial şəbəkələrdə erkən nikah məsələsini müzakirə edən istifadəçilər hesab edir ki, problemin həlli üçün ailələr, məktəblərlə yanaşı toy məclislərinin baş tutduğu şadlıq sarayları, restoranlar da ciddi nəzarətə götürülməldir. Restoran sahibləri üzərinə məsuliyyət qoyulmalıdır ki, yaşı 18-dən az olan qızlar üçün planlaşdırılan toy şənliklərini qəbul etməsinlər. Məclis üçün şadlıq sarayına müraciət edən şəxslərdən bəy və gəlinin şəxsiyyət vəsiqəsi tələb olunub, onların yaşının nikaha uyğun olub-olmadığına baxılsın.
Sosioloq Lalə Mehralı isə “Sherg.az"a açıqlamasında deyib ki, nəzarət mexanizmi kimi bu vasitəyə də əl atmaq olar:
“Amma bu qaydaya əməl edəcək neçə nəfər vicdanlı restoran sahibi, məsul şəxs var ki? Deməyim odur ki, bu məsələ toyxana sahiblərinin vicdanına buraxılsa, heç bir effekt verməyəcək, onlar yenə də pullarını alıb, restoranın qapısını taybatay açacaqlar. Onlar üçün evlənən qızın 25 yoxsa, 15 olmasının heç bir önəmi yoxdur. Əsas odur ki, pul gəlsin! Hesab edirəm ki, müvafiq qurumlar, hüquq-mühafizə orqanları şadlıq saraylarının məsul şəxsləri qarşısında bununla bağlı tələb yoxsa, rəhbərlik etdiyi restoranda azyaşlıların toyuna razılıq verən şəxslərin məsuliyyətə cəlb olunacağı ilə bağlı tələb qoysa, bəlkə də bir nəticə əldə etmək olar”.
L.Mehralının sözlərinə görə, təkcə şadlıq saraylarının rəhbərləri, məktəb direktoları, sinif rəhbərləri yox, cəmiyyətin hər bir nümayəndəsi yetkinlik yaşına çatmayan qızların evləndirilməsi məsələsinə həssas yanaşmalı və vətəndaş məsuliyyətini ortaya qoymalıdır: “Erkən evlilik hallarının azaldılması üçün maariflədirməni gücləndirməli, erkən evliliyin zərərləri barədə sosial reklamlar hazırlamalı, mütəxəssislərin valideynlər və uşaqlarla ayrı-ayrılıqda və birlikdə görüşlərini təşkil etməli, təhsil və səhiyyə nazirlikləri birlikdə layihələr reallaşdırmalı, ərazi içra nümayəndələri erkən evləndirmə hallarına maksimum nəzarət etməlidir. Qonşuda, qohumda, tanıdığımız ailələrdə erkən nikah ehtimalı varsa, buna hazırlıq aparılırsa, ictimaiyyət olaraq buna qarşı çıxmalı, əlaqədar qurumlar xəbərdar edilməlidir. Hər bir vəzifə sahibi, məmur, öhdəsinə düşən işi icra etməlidir. Məktəb də buna görə cavabdehdir, yerli icraedici orqanlar da. Erkən nikahlara görə təkcə qarşı tərəflər deyil, xəbəri bilib gizlədənlər, əlaqədar qurumları xəbərdar etməyənlər də cəzalanmalıdır. Problemin qarşısının alınmasına məsul orqanlar maarifləndirici tədbirləri ev-ev, qapı-qapı gəzərək həyata keçirməlidir. İnsanları məlumatlandırmaq vacibdir ki, hansı məsuliyyəti daşıyacaqlarını bilsinlər”.