Ötən il ərzində nəqliyyat sahəsində problemlərin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər edildi. Bunların bir qismi tətbiq olunmaqdadır və bir qisminin də tətbiqi ilə bağlı işlər həyata keçirilir.
Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O qeyd edib ki, taksilərlə bağlı məsələyə dair tələblər hazırdır və ümid edirik yaxın vaxtlarda qəbul ediləcək.“Bu tələblər son razılaşdırma mərhələsindədir və Nazirlər Kabinetinə təqdim olunub. Ümid edirik ki, yaxın həftələrdə qəbul ediləcək. Şəhərdə nəqliyyat sahəsində olan problemlərin biri də qayda pozuntularından irəli gəlir. Həm sürücülər tərəfindən, həm də piyadalar tərəfindən qaydaların pozulması ciddi problemlər yaradır”, - deyə Hümmətov əlavə edib.
Nəqliyyat eksperti Aslan Əsədov “Sherg.az”a vurğulayıb ki, taksi ilə sərnişindaşıma növündə xüsusi nəzarət mexanizmləri hazırlanıb:
“Əsas mahiyyət, baş verəcək proseslərdə taksi ilə sərnişindaşımanın fəaliyyətinin yüksəldilməsi, daha çox resurslardan istifadə etməklə rahat, geniş taksi və baza sisteminin qurulmasından ibarətdir. Tələb odur ki, rahat nəqliyyat vasitəsi, sürücünün işlək mexanizm üzərində qurulacaq potensialı və sürücü-müştəri münasibətləri düzgün qurulsun. Mərkəzi baza sistemi əl çatan olmalıdır ki, orada sürücü haqqında məlumatlar yerləşdirilsin. Şirkətdə problem yarandıqda isə həmin bazadan sürücü haqqında məlumatlara baxılsın. Həmçinin sürücünün özünün də bu bazada müxtəlif üstünlükləri olsun. Bunların hamısı əsas məsələ və proseslərdən biridir”.