Ekspert: Dəmiryolu ərazisində parklanma yeri məhduddur

Bakı Dəmir Yolu Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən avtodayanacaq stansiyasında parklanma tarifləri müəyyənləşib.
Trend xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən edilir.
Bildirilir ki, ilk 15 dəqiqə sürücülər üçün pulsuzdur.
Parklanma qiymətləri aşağıdakı kimidir :
15-30 dəqiqə - bir manat,
30-60 dəqiqə - iki manat,
1-2 saat - dörd manat,
2-3 saat - altı manat,
3-5 saat – 10 manat,

5-7 saat - 14 manat,
7-10 saat - 18 manat,
10-15 saat – 22 manat,
15-20 saat – 26 manat,
20-24 saat – 30 manat.
Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.
Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.      

Məsələni dəyərləndirən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az" a bildirib ki, Dəmiryolu ərazisində parklanma yeri məhduddur: 
    
"Buna görə də həmin qiymətlər təyin olunur ki, digər vətəndaşlar üçün də parklanma yeri əlçatan olsun. Həmin əraziyə kimsə maşınını ataraq saatlarla hardasa əylənəcək deyə, dəmiryolundan istifadə edən sərnişinlərin uzunmüddət tıxacda qalması, maşınını saxlamağa yer tapmaması doğru deyil. Sərnişinlərin rahatlığı düşünülməlidir. Müasir şəhərsalma sistemində qiymətlər bu cür tətbiq edilir ki, parklanma yeri yersiz məşğul edilməsin.  Məsələn, sutkalıq parklanma yeri lazımdırsa, həmin ərazidən təxminən 1 km uzaqlıqda "Qış parkı" yerləşir. Orada vətəndaşlar sutkalıq ucuz qiymətə maşınlarını saxlaya bilərlər. İnsanlar təyin olunan tarifləri hay-küylə qarşılamasınlar. Çünki bu müasir şəhərsalmanın əsas tələblərindən biridir. Biri öz rahatlığı üçün deyir ki, 1 manata 5 saata parklanma yeri verilsin. O zaman digər vətəndaş şikayyət edəcək ki, qatarla hərəkətə gələn müştərini qarşılamaq üçün parklanma yeri tapmıram. Bu məsələdə hər kəsi tam razı salmaq mümkün deyil. Qeyd olunan qiymətlər də qəti deyil. Ciddi narazılıqlar, şikayyətlər olarsa, qiymətlərə baxıla bilər. Düşünürəm ki, hazırki qiymətlər normaldır".