İmtahan basqısı: Valideynlər uğursuzluqlarını övladlarının üzərinə atır -RƏY

Abşeron rayonunda 17 yaşlı gənc imtahandan az bal topladığı üçün evi tərk edib.
21 avqust 2007-ci il təvəllüdlü Hilal Hidayət oğlu Mustafayev 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib.

Psixoloq Vəfa Əkbər "Sherg.az"a bildirib ki, valideyn özü həyatda hər hansısa bir uğur əldə etməyibsə, bunu mütləq şəkildə övladına yeridir:

“Əgər uşaq imtahandan yaxşı keçə bilmirsə, valideyn özünün uğursuzluğunun və bacarıqsızlığının bütün günahını övladının üstünə atır. Beləliklə də öz vicdanını rahatlaşdırmış olur. Uşaq hazırlığa başlayandan imtahan vaxtına qədər valideyn zaman-zaman təlqin edilir ki, bizim adımızı-sanımızı ucaldacaq adam sənsən. Halbuki özləri o ad-sanı qaldıra bilməyiblər. Yəni qaldıra bilmədikləri ad-sanı öz övladlarından gözləyirlər. Uşaqlar basqı və psixoloji çətinliyin altında bunun öhdəsindən gələ bilmədikdə və ya valideynləri qane etməyəcək şəkildə olanda valideyn başlayır övladını günahlandırmağa. Bəzi uşaqlar isə bu basqıya dözmür ya intihar edir, ya evi tərk edir, ya da  ki, özünə qapanaraq ömür boyu depressiyada yaşayır. Ümumiyyətlə valideyn sağlam təfəkkürlü olmalıdır ki, uşaq o mərhələni sağlam şəkildə keçə bilsin. Valideynlər sağlam təfəkkürlü olmadıqca belə hallar olmağa da davam edəcək”.