Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanır. Layihədə fiziki və hüquqi şəxslər tərəfindən heyvanların saxlanması, onlarla davranış zamanı yaranan münasibətlərin hüquqi əsaslarının müəyyən edilməsi nəzərdə tutulur.Qanun layihəsi heyvanlarla davranışda qəddarlıq hallarının və belə hallara cəmiyyətin laqeydliyinin aradan qaldırılması məqsədilə hazırlanır.
Yeni layihəni "Sherg.az"a dəyərləndirən BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyin rəhbəri Leyla Axundova diqqətə çatdırıb ki, bu qanun çoxdan qəbul olunmalı idi:
"Son dövrlər dünyada və Azərbaycanda heyvanlara işgəncə edənlərin sayı kifayət qədərdir. Küçə heyvanlarını döymək, qorxutmaq, maşınla vurub arxaya belə baxmadan keçib getmək və digər nümunələr heyvanlara şiddət göstəricisidir.Bu səbəbdən həmin şəxslərə sərt cəzalar tətbiq olunmalıdır. Çünki qanun olmadıqda insanlar qorxmur, əməllərini davam etdirirlər. Hazırda heyvanlara işgəncə verən şəxslər 500 manatadək cərimələnir. Ancaq canlı varlığın həyatı 500 manat dəyərində olmamalıdır. Buna görə həmin adamlara cinayyət işi açılmalıdır ".