AİB sədri: Qida zəhərlənmələrinin sayı gizlədilir

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. Hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir. Bakıda 4 dostun hoteldə zəhərlənməsi hadisəsi ilə bağlı bəzi faktlar da üzə çıxıb. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dostlardan ikisinin öldüyü hadisə Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib. Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.
Bu üzücü hadisə hotellərdə, restoranlarda təqdim edilən qidaların keyfiyyətinin ciddi şəkildə yoxlanılmadığı mövzusunu aktual edir.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, qida zəhərlənmələrinin sayı gizlədilir:
"Təkcə kütləvi informasiya vasitələrində xəbər verilən qidadan zəhərlənib ölənlərin sayı 100 -dən çoxdur. Lakin AQTA saytında, dövlət orqanlarının indiki statistikasında bir il ərzində təxmini 2-3 nəfər göstərilir. Buna səbəb isə sertifikat verən, yoxlayan orqanla qeydiyyata alanların bir yerdə cəmlənməsidir. Uzun müddət Səhiyyə Nazirliyi bütün məhsullara sertifikat verib. İnsanlar zəhərləndikdə bura müraciət edirdilər. Qida sahəsində ciddi problemlərdən biri cəld müdaxilə edərək yoxlama mexanizminin olmamasıdır. Kimsə təhlükəli qidanın satıldığını görüb dövlət orqanına məlumat versə belə, onların yoxlama aparmaq ixtiyarları yoxdur. Burada uzun bürokratik prossedur mövcuddur. Belə ki, Ədliyyə Nazirliyinənə yazılı informasiya verərək çıxarış almalısan. Ona görə də bununla bağlı Azad İstehlakçılaq Birliyi məsələ qaldırıb. Həmçinin, Milli Məclisdə keçirilən müzakirələrdə qida təhlükəsizlik agentliyi sahəsində dəyişkliyə ehtiyac olduğunu söylədim".

E. Hüseynov vurğulayıb ki, dəfələrlə sakinlər tərəfindən gecə saatlarında zəng vurlaraq saxta araqların verildiyinə dair xəbər ötürülür:
"Hansı dövlət orqanı bu qanun pozuntusunun qarşısını ala biləcək? AQTA həmin tenderdən monitorinq aparmaq üçün uzun prossesdən keçməlidir. Bu zamanadək həmin müəsisələr hər şeyi ''qayda"-ya salır. Zəhərlənmələrin sayı çoxdur. Azərbaycan uzunömürlülüyünə görə, 190 ölkə arasında 119-cu yerdədir. Bir sözlə,bu mövzuda AQTA-ya dəstək verilməlidir".