Alimlər bir milyondan çox uşağın məlumatlarını araşdırıb və onların nailiyyətlərini doğulduğu aylara görə sıralayıblar. Müəyyənləşib ki, uşaqların doğulduğu aydan asılı olaraq uğurlarında fərqlər var. Milli.Az lent.az-a istinadən bildirir ki, tədqiqatçıların 1 milyondan çox şagirdin məlumatları nəzərə alınaraq apardıqları araşdırmada ən ağıllı uşaqların hansı ayda doğulduğu müəyyən edilib. ABŞ-da 6-15 yaş arası uşaqların məktəb performansını nəzərə alan araşdırmada təəccüblü nəticələr ortaya çıxıb.
Alimlər müəyyən ediblər ki, sentyabr ayında doğulan uşaqların akademik göstəriciləri digər aylarda doğulan uşaqlardan xeyli yüksəkdir. Bu uşaqlar orta məktəblərdə və liseylərdə ən müvəffəqiyyətli olmaqla yanaşı, universitetlərdə də ən yüksək dərəcələrə nail olurlar. Araşdırmalara əsasən, idmanda ən istedadlı adlar isə avqust ayında doğulan uşaqlardır. Futbol, basketbol və bir çox digər sahələrdə ən çox ulduz futbolçunun avqust ayında doğulduğu müəyyən edilib.
Maraqlıdır, doğrudan ayların insan həyatına təsiri var?
Bunu absurd məsələ olduğunu deyən "Qoroskop" qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli “Sherg.az”a vurğulayıb ki, bu yalnız müşahidə və dövri statistik məlumatlardır:
"Təxminən 15-20 il öncə söyləyirdilər ki, ən yaxşı aktyorlar şir bürcünə mənsub olanlardır. Çünki oskar mükafatı alanların böyük əksəriyyəti bu bürcün nümayəndələri olub. Bir müddət sonra tendensiya dəyişərək balıqlar bürcünü əlavə etdilər. Beləliklə, göstərici hər an dəyişir. Bu da statistikanın doğruluğuna dair şübhələri artırır. Astrologiyadan xəbəri olmayanlar şir bürcü deyən kimi, bir neçə nəfəri yadına salaraq bildirirlər ki, onlar ailəsinə sədaqətsiz olur. Ancaq müşahidə dəqiq nəticə demək deyil. Bir sözlə, elmi izahı olmayan məsələlər qəbul edilmir. Hətta, bu cür yanaşmaları tək bürclə götürmək də doğru deyil. Məsələn, bəzi şir bürcündən olan insanlar rəhbərdir, digərləri isə işsiz, ortalıqda gəzir. Yəni, burada dövlətin idarə etməsini, şəraitini nəzərə almaq lazımdır".