Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 46 uşaq övladlığa verilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, onlardan 24-ü oğlan, 22-si qızdır. Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır. Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.
Bəs görəsən, dövlət tərəfindən ailələrinə geri qaytarılan uşaqların nəzarəti hansı səviyyədədir?
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a söyləyib ki, övladlığa uşaq verilməsi bir qədər uzun prossesdir:
"Əslində, belə daha doğrudur. Çünki ailəni araşdırmadan uşağı kiməsə etibar etmək düzgün deyil. Onsuz həmin uşaq doğulduqdan sonra öz ailəsində ayrıseçkiliyə, qeyri-insani münasibətə məruz qalıb. Yeni ailədə də eyni problemlə qarşılaşmamaqdan ötrü yoxlama prossesləri mütləqdir. Həmin uşaqların yenidən öz ailələrinə geri qaytarılmasına gəldikdə isə bu da araşdırılır. Bununla bağlı İcra Hakimiyyətləri və Sosial Xidmətlər Agentliyi birgə monitorinq aparır. Bu prosses də uzunmüddətli olmalıdır. Təəssüf ki, uşaq ailəyə qayıtdıqdan sonra valideynlərlə psixoloji danışıqlar aparılmır. Bu halda da yenidən eyni problemlər baş verəcək. Ona görə də burada bəzi boşluqlar var. Bəzi hallarda uşaqlar azad yaşamaq üçün hansısa hadisələri şişirdə və doğru məlumat verməyə bilər. Təbii ki, bu yuxarı yaş həddindən olanlara aiddir. Lakin azyaşlı zorakılığa məruz qalırsa, valideynlərlə danışıqlar aparılmalı, sosial işi gücləndirilməlidir".