Birlikdə yaşamaq "ənənəsi": Cinayyətlərin baş verməsi qaçınılmazdır -ŞƏRH

Lənkəran rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində cari ilin mart ayında itkin düşmüş Cəlilabad rayon sakini, 22 yaşlı Könül Ağayevanın qəsdən öldürülməsi müəyyən edilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yaşlı Lənkəran şəhər sakini Elvin İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində Könül Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. Könül Ağayevanın meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Elvin İsmayılzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, onların nikahdankənar birgə yaşadığına dair iddialar səsləndirilib. 

Məsələni  dəyərləndirən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, Gənclərin ailə qurmadan öncə bir yerdə yaşaması qeyri-mümkündür: 

"Çünki bu Azərbaycan cəmiyyəti və ailə dəyərlərinə görə, doğru hesab olunmur. Təbii ki, biz Avropadan çox şeyləri mənimsəyə bilərik. Ancaq onlar vaxtilə ailə dəyərlərini bizdən öyrəniblər. Azərbaycan ailə quranların sayına əsasən, birinci yerdə olub. Avropada ailədə bir uşaq doğulduğu halda, ölkəmizdə çoxuşaqlılıq mövcud idi. Bu cəhətlərimizə görə, hər zaman Avropaya nümunə olmuşuq. Onlardan ən pis cəhətləri əxs edib cəmiyyətimizdə tətbiq edirik. Bizim cəmiyyət evlilikdən öncə birlikdə yaşamağı heç vaxt qəbul edə bilməz. Təbii ki, belə halda, bu kimi cinayyətlərin baş verməsi qaçınılmazdır. Heç bir valideyn övladının nikahdan öncə yaşamasını razı olmaz. İndiki gənclərin bir-birini tanıması üçün şərait yaradılır ki, bir ilə yaxın nişanlı qalsınlar. Bu nüans qədimdən günümüzədək qorunan ailə dəyərlərimizə ziddir".