Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən sahibkarlara çağırış edib. Mərkəzin direktoru professor Sevinc Əliyeva qeyd edib ki, sözügedən sahibkarlar Qarabağ və Şərqi Zəngəzurdakı müəssisə və obyektləri adlandırarkən Azərbaycan dilinin qaydalarına riayət etsinlər. "Çünki biz hazırda hesabatını verdiyimiz monitorinqdə də görürük ki, sahibkarlar Azərbaycan dili ilə bağlı kifayət qədər xətalara, pozuntulara yola verirlər".O vurğulayıb ki, ad seçilmə prosesində Azərbaycan, türk mənşəli adların seçilməsi arzuolunandır və bu da təəssübkeşlikdən irəli gələn məsələdir. Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Reklamların dili monitorinq aynasında” adlı tədbir keçirilib. Tədbir Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Bakı şəhərindəki açıq məkankarda reklamlarla bağlı monitorinqinə həsr olunub. Monitorinq mağaza, dükan, ictimai-iaşə obyektləri, idman, sağlamlıq, tədris, estetik və gözəllik mərkəzləri, istirahət və əyləncə məkanları, klinika və tibb məntəqələrinin adlarında, onlara məxsus lövhələrdə (reklam, məlumat, menyu və s.), eləcə də sosial xarakterli mətnlərdə aparılıb. Ümumilikdə 510 reklam mətnində 2300 norma pozuntusu aşkar edilib. Onlardan 2028-i barədə, - 918 orfoqrafik, 707 leksik, 157 qrammatik norma pozuntusu, 246 üslub və ifadə səhvi olub.
Məsələ ilə bağlı danışan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin mütəxəssisi Gülnar İsmayılova "Sherg.az"a bildirib ki, hotellerə "Qarabağ","Şuşa","Yasəmən" adının verilməsi və Laçında yaradıcılıq studiyanın "Xoca film" adlanması qürurverici hissdir:
"Biz sahibkarlara çağırış edirik ki, Qarabağın birlik inamı sahibkarlığın təbliğatçısı olan açıq reklam məkanlarda da əksini tapsın. Yəni yeni yaradılacaq subyektlərdə eyni ilə Bakı şəhərindəki mənzərə ilə qarşılaşmayaq. Paytaxtımızın küçə və prospektlərində müəssisə və obyektlərin əksəriyyətində adların çoxu xarici dildədir. İndiki vaxtda şəhərimizin siması tanınmaz dərəcədə dəyişib. İctimai iaşə obyektlərində alınma sözlərdən istifadə olunur. Tədbirimiz əcnəbi sözlərə qarşı yönəlib. Dilimizdə təqdimat sözünün əvəzinə prezentasiya, məxsusinin yerinə isə eksklüziv işlənir. Burada günah yalnız sahibkarların deyil, Dövlət Vergi Xidmətinin, reklam agentliklərində çalışan mütəxəsislərin dil biliklərinin yetərli olmamasındadır. Çünki sahibkar biznes adını Dövlət Vergi Xidmətində təsdiqlədir. Dilin təkcə orfoqrafik deyil, leksik və qramatik normalarına əməl edilməlidir. Bəzən söz və ifadələrdə təyini söz birləşmələrinin morfoloji göstəriciləri yerində olmur. Təyini söz birləşmələri cümlənin əvvəlində gəldikdə sözün ilk hərfi böyüklə yazılmalıdır. Çox təəssüf ki, reklam mətnlərində hər iki komponentin böyük hərflə yazıldığını görürük. Həmçinin durğu işarələrinin işlənmə məqamlarında yanlışlıqlar var. Reklamların dil mənzərəsi qənaətbəxş deyil. Bu tədbir reklam agentliklərinin, sahibkarların iştirakı ilə baş tutdu. Belə bir qərar qəbul olundu ki, müəyyən şura yaradılsın. Reklamların monitorinqindən sonra kitab təqdim ediləcək. Lazım gələrsə, təlimlər də keçiriləcək".