Son illər ailə institutunun ən vacib sosial problemlərindən olan boşanma hallarının sayının çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub. Bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Yerli icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2023‐ci ildə Bakının 12 rayonu üzrə 26822 (2022‐ci ildə 26463), Azərbaycanın bölgələri üzrə 64374 (2022‐ci ildə 58157) aliment ödəyicisi var. 2022‐ci illə müqayisədə aliment ödəyicilərinin sayı artıb. Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecik məsinə səbəb olur.
Aliment məbləği ilə əməkhaqqının bir-birinə bərabər olmadığını deyən sosioloq Lalə Mehralı "Sherg.az"a vurğulayıb ki, hər uşağa görə təyin olunan aliment haqqı atanın məvacibinin 3-də iki hissəsini əhatə edir:
"Həmin şəxs qalan bir hissə ilə yaşamalıdır. Bununla dolanmaq isə günümüzün reallığına əsasən alınmır. Uşaqların alimenti isə mütləq ödənməlidir. Uşaqlar həmin vəsaitlə tam təmin olunmasalar da bu müəyyən xərclərin ödənməsində böyük rol oynayır. Bu cür vəziyyətlərdə maaşının miqdarını gizlədən, rəsmi əmək müqaviləsini ləğv etdirib nağd alan valideynlər də var. Hakim alimenti əməkhaqqına nəzərən təyin edir. Bəzi hallarda 2-min maaş alan biri ilə, minimum əməkhaqqı alandan eyni vəsait tələb olunur. Bu da ədalətsizliyə gətirib çıxarır. Bir zamanlar aliment fondunun yaradılması təklif olundu. Bunun isə təmamilə əleyhinəyəm. Belə olduğu təqdirdə boşanmalara meyillənmə güclənəcək. Aliment ödəməmək üçün ailəsini qoruyub-saxlayanlar həmin fondun mövcudluğunu öyrəndikdə boşanmaqdan çəkinməyəcək. Bəzi hallarda boşanma xilas yolu hesab olunur. Bu həmin ailədə böyüyən uşaqların, ananın psixoloji durumu üçün şərtdir. Lakin çox cuzi səbəblərdən boşananların sayı da az deyil. Bu zaman vəziyyətə Mediasiya şurası müdaxilə edirdi".
L.Mehralı diqqətə çatdırıb ki, Mediasiya şurasının fəaliyyətinə böyük ümidlər bəsləyirdi:
"Lakin ümidlərimi boşa çıxardı. Düşünürdüm ki, onlar boşanmaların statistikasının azalmasına böyük töhvə verəcək. Təəssüf ki, onlar da ailələri xilas edə bilmədilər. Bəzən tərəflər kənar müdaxiləyə qarşı çıxırlar. Amma müəyyən mənada həmin şuranın nailiyyətləri olmalı idi. Qurulan hər iki ailədən biri dağılır. Bu ailə instutunun məhvinin baş verdiyini sübut edir. Ciddi mexanizmlər işlənilməsə, həll yolu tapmaq çətindir".