Ekoloq: Bakıya Volqanın təmiz suyunu çəkmək daha sərfəlidir

Ekoloq Ənvər Əliyev problemin həlli yolunu göstərib
 
 Xəzərin ən çirkli suyunu təmizləməkdənsə, Bakıya Volqanın təmiz suyunu çəkmək daha sərfəlidir! Bu fikir ekoloq, Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyevə məxsusdur. Son günlər su problemi,  işməli su qıtlığı ilə bağlı müzakirələr intensiv xarakter alıb. Ekoloq Ənvər Əliyev bu problemin həlli yolunu göstərib. Sosial şəbəkədə paylaşım edən alim, Xəzərin duzlu, çirkli suyunun təmizlənməsinə böyük vəsaitlər ayırmaqdansa, qısa yolla hərəkət edərək Volqa çayının təmiz suyundan istifadə etməyi məsləhət görür. 

Ə.Əliyev Volqanın suyunda ağır ionlaşmış zəhərli metallar və başqa maddələrin olduğu və bunları sudan ayırmağın duzlu suyu təmizləməkdən daha çətin olması barədə fikir yürüdənlərə cavabında qeyd edib:
- Bəli, ion şəklinə keçmiş birləşməni təmizləmək qeyri-mümkündür. Amma söhbət nisbi təmizlikdən gedir. Axar sular 100 km sonra özünü asılqanlardan təmizləyə bilir. Ölkədə ən təmiz və minerallarla zəngin su Kiçik Qafqazın suyudur. Kiçik Qafqazın suları əvəzsiz mineralarla zəngindir. Ancaq Talış dağları Kiçik Qafqaza aid deyil. Kiçik Qafqaz Köndələn cayda qurtarır.

 Ə.Əliyev bu fikirdədir ki, Azərbaycanın kifayət qədər yerüstü və yeraltı ekoloji təmiz su ehtiyatları var, yaxşı mütəxəssisləri cəlb etməklə su problemlərimizi həll edə bilərik:
- Özümüzün su ehtiyatımızla iki əhalimiz qədər əhalini təmin etmək olar. Ancaq düzgün istifadə edə bilsək. Belə olan halda niyə ən çirkli suya pul xərcləməliyik?! Kiçik Qafqazın, Böyuk Qafqazın, Talışın kifayət qədər içməli su ehtiyatları vardır. Bakı şəhərini də bu yerlərimizin ehtiyatından istifadə edib nə dəniz suyunun təmizlənməsinə, nə də ki, Kür çayının çirkli sularına ehtiyacımız olmayacaq. Bakı şəhərinin də yeraltı su ehtiyatları kifayət qədər vardır. Bizim öz su ehtiyatlarımızdan istifadə edib şoran torpaqlarımızı münbitləşdirib yaşıllıqlar, meşəliklər salmağa hər cür imkanlarımız vardır. Bunları həll edəndən sonra ölkəmizin aqrar məsələsini də həll etmiş olarıq, meyvəçiliyi, tərəvəzçiliyi, bostançılığı, çayçılığı, sitrus bitkilərini və ən vacib olan taxılçılığı inkişaf etdirib, tam həllinə nail olarıq. Uzun müddətdir mən vaxtı ilə milyon tonlarla üzüm, yüz min tonlarla pambıq, eləcə də barama, tütün və s. bu kimi məhsullar yetişdirib, zəhməti hesabına firavan həyat sürən qürurlu kənd camaatımızın hazırkı durumunu qəbul edə bilmirəm. Biz kənd təsərrüfatımızın strukturunu tamamilə dəyişdirib yenidən yalnız kəndlərimizin potensialı hesabına yüksək nəticələr əldə edə bilərik! Bu həm də milyonlarla kənd əhalimizin doğma kəndlərinə dönməsi deməkdir. Bu cür təsərrüfat sisteminin tam təşkilatı, maliyyə və idarəetmə sxemi barədə mətbuat çıxışım olub. Dünya təcrübəsində bu fikir tam təsdiqlənib. Bununla da, çox ağır bir həyat tərzimizə son qoymuş olarıq. Mən buna tam əminəm!
Ə.Əliyev qeyd edib ki, Bakıya Sərsəngdən də təmiz su çəkmək olar. Ümumilikdə orada 27 su anbarı tikilə bilər.