Zibil qutularının içi boşdur, amma ətraf zibilliklə doludur - AÇIQLAMA

Təkcə cərimələrlə iş bitmir

“Kameralar olan yerlərdə bu cür özbaşınalıqlar digər yerlərə nisbətən daha az müşahidə edilir”

  Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılır. Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir. Layihəyə əsasən, məişət tullantılarının urnalardan kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
  Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı "Sherg.az"a açıqlamasında bildirib ki, tullantıların zibil qablarından kənar yerə atılmasına görə cərimələrin təyin edilməsi çoxdan gözlənilən qərardır:

- Paytaxtımızda küçələrin necə zibilləndiyini, yollarda, səki kənarlarında zibillərin qalaqlandığını, zibil yeşiklərinin vaxtlı-vaxtında boşaldılmadığını hamımız müşahidə edirik. Parklarda, səkilərdə, dayanacaqlarda zibil qutuları qoyulub, amma baxırsan ki, içi boşdur, zibillər qutunun ətrafına, yerə atılıb. Plastik su qabları, polietilen torbalar, qida tullantıları, siqaret kötükləri… daha nələr yoxdur küçədə. Təcrübə də göstərir ki, bu sahədəki problemləri maarifləndirmə yolu ilə aradan qaldırmaq mümkün deyil. Bu metod artıq effekt vermir. Bizim cəmiyyətdə bu kimi problemlərin həll yolu sərt cəza və cərimələrin tətbiqidir. Zibili yerə atanların kimliyi müəyyənləşdirilməlidir, bunun üçün də müşahidə kameraları var. Kamera görüntülərindən istifadə edib bu şəxsləri müəyyənləşdirmək və cəzalandırmaq lazımdır. Onların cəzası zibillədikləri yeri təmizləmə olmalıdır. Versinlər əllərinə süpürgəni, desinlər, di gəl, zibillədiyin yeri indi təmizlə! Bu cür cəza tətbiq edilsə, insanlar davranışlarını korrektə edər. Fikir verirsinizsə, kameralar olan yerlərdə bu cür özbaşınalıqlar digər yerlərə nisbətən daha az müşahidə edilir. Bizim insanların sosial məsuliyyət və mədəniyyət səviyyəsini nəzərə alanda görürük ki, ətrafı zibilləyən, eləcə də zibil qablarından düzgün istifadə etməyən şəxsləri cərimələməkdən başqa yolumuz qalmayıb. Ona görə də haqlı olaraq İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilir.
  E.Bayramlı qeyd etdi ki, Avropa ölkələrində ekologiyanı, təmiz havanı, küçələri zibilləyənlərə qarşı yüksək cərimələr tətbiq olunur:
- Bizdə necədir? Ağacları kəsirlər, yaşıllıqları məhv edirlər, bir-iki qurumdan əraziyə gəlib baxış keçirirlər, nəsə qeyd edib gedirlər, bununla məsələ bitir. Bir müddət sonra görürsən ki, kəsilən ağacların, zəbt edilən həyətlərin yerində bina ucaldı. Ekologiyanı belə qorumaq olmaz. Təkcə cərimələrlə iş bitmir. İctimai nəzarət də olmalıdır. Təəssüf ki, vətəndaşlardan daxil olan şikayətlərə, müraciətlərə bəzi qurumlar reaksiya vermir. Mədəni cəmiyyətlərdə vətəndaşlar ekoloji mühitə ziyan vuranlara qarşı birgə mübarizə aparır, rəsmi orqanlar qarşısında məsələ qaldırırlar. Ümumiyyətlə, ətraf mühitə münasibət hər bir insanın mənəviyyatına bağlı məsələdir. Əlindəki zibili hara gəldi atan adam şəxsi mənzilində təmizlik tələb edirsə, o adamın mənəviyyat daşıyıcısı olması çox şübhəlidir.