Aqressiya getdikcə artır, intiharların yeri də dəyişir

Sosioloji mərkəzlər insanlardakı psixoloji gərginliyi azaltmaq üçün hərəkətə keçməlidir

  Abşeron rayonunda intihar baş verib. Hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rafiq Mərifət oğlu Cəbrayılov yaşadığı evin eyvanında özünü asıb. Onun asılmış meyitini qonşuları görüb, ailəsinə xəbər veriblər. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
  İntihar hadisələri, şəxslərin özünə qəsdə cəhd etməsi görünməmiş hal deyil. Belə hadisələr, təəssüf ki, baş verir. Lakin indiyəqədərki intiharların başvermə məkanına diqqət etsək, şəxslərin gizli, gözdən uzaq, ətrafdakı insanların görə bilməyəcəyi, xəbər tutmayacağı və gec xəbər tutacağı ehtimal edilən yerlərdə - məsələn, həyətyanı tikililərdə, tövlədə, arxadan açarla bağlanımş iş kabinetində, şəxsin mənzildə tək olan zamanlar baş verdiyini görərik. Çoxmərtəbəli binaya çıxıb özünü atanlar da olur. Amma hər kəsin görə biləcəyi bir yerdə, eyvanda özünü asmaq, təəccüblüdür. Şəxs niyə məhz belə bir intihar növünü seçib? Bu hadisə intiharların şəkil dəyişdirdiyini söyləməyə əsas verirmi?
  Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında qeyd etdi ki, intihar etmk istəyən adam harada imkan tapır orada edir:
- İntihar etməyi düşünən, buna qərar vermiş şəxs xüsusi olaraq məkan seçmir. Məkan seçimi zamana, şəraitə görə dəyişə bilir. Birisi intihar qərarı verib və bunun üçün fürsət axtarır. Uyğun gördüyü, uyğun bildiyi zamanı seçir. Tutalım, mənzildə təkdir, bilir ki, valideyni, ya da həyat yoldaşı, övladları evə konkret hansı saatda gələcək. Onlar evdə olmadığı zaman intiharı gerşəkləşdirir. Kimisi iş yerində canına qəsd edir. Bəziləri sadəcə, diqqət cəlb etmək, verilmiş hansısa qərarın dəyişəcəyinə ümid edərək intihara əl atır. Yadınızdadırsa, bir neçə il əvvəl “Koroğlu” körpüsünə çıxıb intihara cəhd etmək, sanki dəb halı almışdı. Çünki ora yeni tikilmişdi, görünən, gediş-gəlişin sıx olduğu yer idi. Problemi yaranmış şəxs körpüyə çıxıb intihar edəcəyini bildirirdi, asayiş keşikçiləri əraziyə cəlb olunurdu, adamı dilə tutub, söhbət aparıb fikrindən daşındırırdılar. Əslində, intihar edən şəxsi fikrindən daşındırmaq mümkündür. Bunun üçün gərək ixtisaslaşmış psixoloqlar cəlb olunsun. Amma birisi kimsənin görmədiyi, xəbər tutmadığı bir vaxtda, məkanda intihara əl atırsa, bunun qarşısını almaq, təəssüf ki, mümkün olmur artıq. Çox gec olur. Konkret olaraq Hökməli qəsəbəsində baş vermiş intihar hadisəsinə gəlincə, düşünmürəm ki, həmin şəxs bilərəkdən özünü eyvandan asıb. Sadəcə, ola bilsin ki, həmin vaxt – yəni intihar etmək qərarını reallaşdırmaq istədikdə fikrinə gələn bu olub. Bəlkə də, həmin yeri uyğun görüb. İntihar üçün orada imkan tapıb.
  F.Mehmanqızı qeyd etdi ki, hazırda psixoloqlarla yanaşı sosioloqların da üzərinə böyük vəzifə düşür:
- Ümumiyyətlə, hazırda dünyada aqressiya artıb. Bu, cəmiyyətlərdə, insanlar arasındakı münasibətlərdə özünü göstərir. Sosioloji mərkəzlər fəaliyyətlərini artırmalı və insanları narahat edən problemləri araşdıraraq həllinə nail olmalıdırlar. Bu, insanlardakı psixoloji gərginliyi azaltmaq üçün lazımdır.