Evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır
Bakının daha bir prospekti və bir neçə küçəsinin əhatəsindəki evlərin söküntüsünə başlanılıb. Bu barədə “Xəzər Xəbər”də süjet yayımlanıb. Bildirilir ki, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində söküntü işlərinə başlanılıb. Xətai Rayon İcra Hakimiyyəti söküntü işlərinin icrasını "Ramco" şirkətinə həvalə edib və dəyəri 1,3 milyon manat olan müqavilə bağlayıb. Sakinlərin isə köçürülmə ilə bağlı onlara təklif edilən kompensasiyanın məbləğinə münasibətləri birmənalı deyil. Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bir sıra ünvanlarında istismar müddəti başa çatmış və qəzalı vəziyyətə düşmüş evlər sökülüb, əhali köçürülüb. Xəqani Rüstəmov, Süleyman Vəzirov və Yavər Əliyev küçələrində söküntü işləri davamlı gedir. Yaxın günlərdə digər sakinlərin də köçürülmə prosesinə start veriləcək. Vətəndaşların kompensasiyanın məbləği ilə bağlı narazılığına gəlincə, İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ komissiya tərəfindən araşdırılacaq, vətəndaş məmnuniyyəti təmin ediləcək.
Qeyd edək ki, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir müddət əvvəl öz açıqlamasında paytaxtda sökülən binalarla bağlı sakinlərə ödəniləcək kompensasiya məbləğinin Maliyyə Nazirliyi tərəfindən tənzimləndiyi və bu prosesin bazar qiyməti əsasında aparıldığını bildirmişdi. Paytaxtda söküləcək binalarla bağlı danışarkən E.Əzizov vurğulamışdı ki, köhnə binaların da insanlar kimi əvvəli və axırı var: "Köhnə binalar sökülür, onların yerində yeni binalar tikiləcək. Aparılan siyasətin nəticəsidir ki, bu gün Bakı şəhəri genişlənir, gözəlləşir" (Bakının necə genişləndiyini və necə gözəlləşdiyini oktyabrın 21-i gecəsindən başlayan yağış yaxşı göstərdi - M.R). Ümumiyyətlə isə qeyd edilir ki, Bakıda siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Hazırda komitə digər yerli qurumlarla birgə inventarlaşdırma işləri aparırlar. Bu binaların sakinləri mənzillərin müqabilində kompensasiya alaraq evlərini tərk edəcəklər. "Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, ilkin mərhələdə söküləcək binalar Binəqədi, Xətai, Nizami, Nəsimi, Sabunçu və Səbail rayonlarında yerləşir. İnventarlaşdırma işləri başa çatan kimi Nazirlər Kabinetinin qərarı açıqlanacaq. Bu qərardan sonra ən qısa zamanda, hətta il ərzində binaların sökülməsi və əhalinin də köçürülməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılıb. Evləri plana düşən sakinlərə kompensasiya məbləği ilə bağlı yekun qərar da açıqlanacaq. Buna qədər plana düşən evlərin sahiblərinə hər kvadratmetrinə görə 2 min manat civarında kompensasiya verilirdi. Nazirlər Kabinetinin verəcəyi qərara uyğun olaraq kompensasiyanın məbləği məlum olacaq. Bu məsələdə binaların hansı ərazidə yerləşməsi də nəzərə alınacaq. İkinci mərhələdə Bakı şəhəri üzrə 60-dan çox binanın da sökülərək yerində yeni binaların tikiləcəyi gözlənilir. Hazırda yeni tikiləcək binalarla bağlı tikinti şirkətləri ilə bağlı danışıqlar aparılır.
Evləri sökülən sakinlərin kompensasya məbləğindən narazı qalmasına gəlincə, Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, daşınmaz əmlak bazarında ciddi qiymət artımı olduğu üçün evləri sökülən və ya söküləcək sakinlərə ödənilməli olan kompensasiya məbləğinə də yenidən baxılmalıdır:
- Paytaxtda söküntü işləri 2 formada aparılır. Bir, dövlət tərəfindən, bir də özəl şirkətlər tərəfindən. Torpaqların dövlət ehtiyacları üçün satın alınması zamanı hər hansı yaşayış binasının, qeyri-yaşayış obyektinin sökülməsi, sakinlərin köçürülməsi zərurəti yarandıqda qiymətləndirmə qanuna müvafiq şəkildə aparılır və sakinlərə kompensasiya ödənilir. Dövlət satınalmaları haqqında qanuna görə qiymətləndirmə bazar qiymətləri il aparılır. Sakinlərə təyin olunan kompensasiyaya üstəlik 20 faiz də əlavə kompensasiya ödənilir ki, məsələn, şəhərin mərkəzi hissələrində mənzil sahibi olmuş sakin yenə də mərkəzi hissədə mənzil ala bilsin. Qanunda belədir. Amma söküntü işləri özəl tikinti şirkətləri tərəfindən aparıldıqda sakinlərə yeni tikiləcək binalarda mənzillər təklif edilir, bundan əlavə 2-3 il müddətinə - tikinti işləri nə qədər davam edəcəksə, həmin müddət ərzində sakinlərə həm kirayə haqqı ödənilir, həm də əşyaların daşınma xərcləri. Əmlak bazarında bəllidir ki, son dövrlərdə ciddi qiymət artımı var. Ona görə də kompensasiya məbləğlərinin hesablanmasına yenidən baxılmalıdır. Kompensasiya məbləğlərində artım edilməlidir. Təbii ki, qiymətləndirmə əraziyə görə fərqlənəcək.
V.Tofiqli son günlər yağıntılı havalarda paytaxtda yaranan problemlərin nəzərə alınaraq yeni tikintilər zamanı kommunikasiya xətlərinin düzgün qurulmasına ciddi ehtiyac olduğunu dedi:
- Yaşayış massivləri, yeni binalar tikilərkən ərazidən keçən kommunikasıya xətlərinin məskunlaşacaq əhali sayına adekvat olması vacibdir. Ərazidə kanalizasiya xətti ayrı olmalıdır, yağış sularının axacağı drenaj sistemləri ayrı olmalıdır. Bunlar olmadıqda problem yaranır, yağış suları, məişət suları binaların zirzəmisinə dolur, yolları su basır. Ola bilsin, indiyədək hansısa ərazidə qaydalara zidd tikinti aparılıb, amma bundan sonra belə məsələlərə ciddi diqqət etmək lazımdır. Binaların layihələrinə baxılmalıdır ki, kanalizasiya xətti keçirmi ərazidən, drenaj sistemi, suötürücülər varmı.