Sənədsiz evlər problemi əsaslı şəkildə həll edilə bilər -AÇIQLAMA

Yanvar ayından prosesə başlanacaq

Dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir

  “Cənab Prezidentin “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında 24.08.2024-cü il tarixli Fərmanı sənədsiz evlər probleminin əsaslı şəkildə həlli üçün geniş perspektiv açır. Lakin bəzi qurumlar, məmurlar problemin həllində hüquqi əsas yarandığı halda, təəssüf ki, hələ də ətalətdən çıxa bilmirlər”. 

Bu fikirlər Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevə aiddir. “Sherg.az"a açıqlamasında hüquqşünas qeyd etdi ki, cənab Prezidentin imzaladığı Fərman sənədsiz evlər probleminin birbaşa həllinə yönəlib. Sadəcə, bir sıra dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir: 
- Məlumdur ki, Bakıda, Bakıətrafı qəsəbələrdə yüz minlərlə sənədsiz fərdi evlər var.  Vaxtilə bu evlərin tikintisinə yerli icra orqanları icazə verib, qanun pozuntusuna göz yumublar, laqeyd qalıblar, rüşvət hallarının olması da istisna deyil, lakin illərdir bu problem həllini gözləyir. Mümkündür ki, qanunsuz tikililər kənd təsərrüfatı təyinatlı, yaxud kommunikasiya xətlərinin keçdiyi ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş olsun.  Bu yaxınlarda altından su kəməri keçən fərdi ev barədə məlumat verilmişdi. Nəyinsə müqabilində yerli orqanlar qanunsuz tikililərə icazə verib, yoxlama aparan da olmayıb ki, fərdi ev harada, hansı ərazidə tikilir, təhlükə varmı, yoxdurmu. Bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi sənədsiz evlərdə yaşayan vətəndaşların hüquqlarının tanınmamasıdır. Bu şəxslər faktiki yaşadıqları ünvanda qeydiyyata düşə bilmirlər, mülklərini kiməsə vəsiyyət edə bilmirlər, lazım gəldikdə sənəd ala bilmirlər, mülkiyyət hüquqları pozulur. Amma sənədsiz evlər probleminin həlli üçün hazırda geniş imkan yaranıb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı məlum Fərman torpaq sahələrinin təyinatının dəyişdirilməsini ehtiva edir. Bundan əvvəl də cənab Prezident tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. 2011-ci ilin mart ayında cənab Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdi və onun icrası istiqamətində müəyyən işlər də görüldü. Sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırıldı, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirildi. Daha sonra Prezidentin imzaladığı Fərmanlara əsasən əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edildi.  Sənədsiz evlərin qeydiyyata alınmasıyla bağlı bir sıra sərəncamların olmasına, qanunvericiliyə müxtəlif dəyişikliklər edilməsinə baxmayaraq, proses hələ də uzanır. Problem həllini tapmadıqca sənədsiz evlərin sayı azalmır, əksinə, artır. Boş torpaq sahələrində hər keçən gün yeni bir tikilinin təməli qoyulur, insanlar fərdi evlər tikir, köçüb yaşayırlar. Maraqlı budur ki, hər yeni tikili kommunikasiya xətlərinə də qoşulur, sakinlər elektirk enerjisinə, qaza, suya görə aylıq ödənişlər edirlər. Yəni bu evlərlə bağlı legitimləşdirmə baş verib. Amma sənədləşmə illərdir ki, yubanır. Hesab edirəm ki, “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında Fərman sənədsiz evlər problemini əsaslı şəkildə həll edə bilər. 

  Ə.Nuriyev qeyd etdi ki, sadəcə bunun üçün dövlət orqanlarının hərəkətə keçməsi lazımdır: 
- Sənədsiz evlərlə bağlı ciddi monitorinq aparılmalıdır. Hansı fərdi evlər dövlət ehtiyaclı torpaqlar üzərində, kənd təsərrüfatı təyinatlı torpaqlarda, kommunikasiya xətlərinin, magistral yol şəbəkələri üzərində tikilməyibsə, yaşayış üçün uyğun torpaq kateqoriyasına keçirilməli və bu evlər sənədləşməlidir. Əks göstəriciləri olan fərdi evlərlə bağlı isə fərqli qərar verilməlidir. Bu fərmanla təyinatı düzgün olan torpaq sahələrində tikilmiş evlərin sənədləşdirilməsi üçün heç bir problem qalmır. İcra hakimiyyətləri monitorinq aparıb sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməlidir, orada da baxılıb müvafiq qərar verilməlidir. Sənədləşmə mümkün deyilsə, səbəbi izah edilməlidir. Səbəb yoxdursa, evlər sənədləşdirilməlidir. Ümid edək ki, növbəti ilin yanvar ayından prosesə başlanacaq.