Elektromobil sahibinin soyuq havada avtomobilinin daha az məsafə qət etməsindən şikayət etdiyi barədə görüntülər yayılıb.
Ümumiyyətlə, elektromobillərin tam şarjla qət etməli olduqları məsafədən daha az hərəkət etməsi ilə bağlı son vaxtlar şikayətlər artıb.
"Xəzər Xəbər"ə danışan digər elektromobil sürücüləri də deyilənləri təsdiqləyirlər. Onların sözlərinə görə, hava soyuq olduqda qət edilən məsafə ilə isti havada qət edilən yol fərqli olur.
Sürücülər bildiriblər ki, fərq olmasına baxmayaraq, elektromobillər yenə də ənənəvi yanacaqla işləyən avtomobillərdən daha sərfəlidir.
Mütəxəssislərin sözlərinə görə, bu, avtomobilin doğru işləməməsi və ya hər hansı problemin olması demək deyil. Çünki avtomobildə göstərilən maksimum gediş məsafəsi onun optimal şəraitdə gedəcəyi maksimum məsafə hesab edilir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, elektromobillərdə istehsalçı tərəfindən enerji yükləməklə gedilən məsafə maksimum məsafə olaraq göstərilib:
“Bu məsafəni optimal vəziyyətdə, düz hamar ərazili relyefdə, eyni zamanda havanın çox isti, çox soyuq olmayan vaxtlarında qət etmək mümkündür. Əsasən qış aylarında isə bu 20-30 faizə qədər daha az məsafə qət edir. Əsas səbəblərdən biri avtomobilin salonunun isidilməsi ilə bağlı sərf etdiyi enerjidir. Bu da eyni batareyadan sərf edilir. Həmin batateya da optimal temperaturda qalmalıdır ki, əlverişli işləyə bilsin. Bütün qeyd etdiyimiz səbəblər avtomobilin qət etdiyi məsafəyə ciddi şəkildə təsir göstərir. Lakin belə hallarda bəzi vətəndaşlar, bəzi sürücülər avtomobilin doğru işləmədiyini və bir problemin olduğunu düşünürlər. Ümumiyyətlə isə bu normal haldır”.