Ödənməyən cərimənin üzərinə əlavə məbləğ gələcək
Bəzi sürücülər cəriməni ödəməzsə, bir müddət sonra silinəcəyini düşünürlər, amma bu, yanlışdır
Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Qeyd olunub ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində “VAZ” markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg,az"a açıqlamasında bildirdi ki, cərimə qərarı çıxarılıbsa, ödənməlidir. Burada müddət yoxdur:
- Sürücü yol hərəkəti qaydasını pozubsa, protokol tərtib olunur. Yazılı və ya elektron qaydada. Sonra qayda pozuntusuna uyğun olaraq qərar qəbul olunur, hansı maddənin şamil edildiyi göstərilməklə müəyyən məbləğdə cərimə təyin edilir. Burada “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi əsas götürülür. Amma qayda pozuntusu olub, lakin bununla bağlı qərar çıxarılmayıbsa, 2 aydan sonra qüvvədən düşmüş hesab edilir. 2 ay ərzində qərar çıxarılmalıdır. Qərar varsa ödənməlidir. Burada konkret müddət yoxdur.
Ekspert qeyd etdi ki, cərimələrin yığılıb qalması bir neçə səbəbdən baş verə bilər:
- Belə hallar olur. Sürücü kənddə magistral yola çıxıb və hər hansı formada yol hərəkəti qaydasının pozub və ona cərimə yazılıb. Bunu bilən sürücü avtomobilini uzun müddət idarə etmir, qarajda, həyətində saxlayır, yaxud kənd içində idarə edir, magistral yola çıxmır. Magistral yola çıxmadığından cərimənin ödənməsi tələb edilə bilmir, cərimə tətbiq edilmir, çünki xüsusi texniki vasitələr qeydiyyat apara bilmir. Bir müddət keçdikdən sonra sürücü cərimənin unudulduğunu fərz edir və magistral yola təkrar çıxır. Bu zaman avtomobil vasitəsi saxlandıqda cərimənin olduğu da müəyyən edilir və sürücü məsuliyyətə cəlb edilir.
E.Cəfərov bildirdi ki, bəzi sürücülər cəriməni ödəməzsə, bir müddət sonra silinəcəyini düşünürlər, amma bu, yanlışdır:
- İnsanlarda belə yanlış təsəvvür var ki, cəriməni bir müddət ödəməsə cərimə silinəcək. Belə şey yoxdur. Cərimənin təyini ilə bağlı qərar çıxarılıbsa, ödənməlidir, ödənmədikcə, üzərinə əlavə məbləğ gəlir. Görünür, haqqında məlumat verilən vətəndaş da cəriməni uzun müddət ödəməyib, məbləğ də 7 minə çatıb. Sürücü təyin edilən cərimə ilə razılaşmaya da bilər. Bu halda vətəndaşın şikayət etmək hüququ var. Şikayət edəcək, məsələyə yenidən baxılacaq. Sürücü harada qayda pozuntusuna yol verib, hansı halda. Araşdırma nəticəsində cərimənin düzgün təyin edilmədiyi də müəyyənləşə bilər və ya əksinə. Belədə cərimənin əsaslı və ya əsassız təyin edildiyi də aydınlaşacaq. Amma cəriməni ödəməmək, vaxtı bilərəkdən uzatmaq, cərimənin silinməsinə deyil, üzərinə əlavə məbləğ gəlməsinə səbəb olur.