Dəyişkən iş qrafikinə keçid mümkündür -AÇIQLAMA

Bütün ailələrə təsir edəcək mövzunun müzakirəsi başladı

İlqar Hüseynli: “Dərslərin başlanma-bitmə saatı, eyni zamanda səhiyyə müəssisələrində işin başlanma-bitmə saatlarında dəyişiklik etmək olar”

Elçin Bayramlı:“Bu, tıxacların qarşısının alınması, nəqliyyat sıxlığının azalmasına kömək edəcək vasitələrdən biridir”

Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün Tədbirlər Planının hazırlanmasına başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilməlidir: “Bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planının hazırlanmasına başlanıb. Tədbirlər Planına uyğun olaraq görüləcək işlər barədə ictimaiyyətə məlumat veriləcək”. Ekspertlərin çoxu işə başlama saatlarının fərqləndirilməsini müsbət hal kimi dəyərləndirib. Qeyd ediblər ki, Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir. 
Lakin ehtimallardan biri də budur ki, dəyişkən iş qrafikinə dövlət qurumları və müəssisələrində əməl edilsə də, özəl sektorda mümkünsüz kimi görünür. Məsələn, iaşə obyektləri, super-market müdirləri işçilərinin iş qrafikini necə dəyişəcək? Ofisiantlar, yaxud işçilər arasında “sən səhər gəl, sən axşam”, bölgüsü aparacaqlar? Kimsə deməsin, iaşə obyektlərində, marketlərdə işçi azdır. Birincisi, o qədər az da deyil, ikincisi, hər addımda kafe-restoran, market deyilmi? Əsas problem özəl sektorun Dövlət Proqramının tələbinə nə dərəcədə əməl edəcəyidir, tıxaclar azalsın deyə.          

Sosioloq İlqar Hüseynli “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dəyişkən iş qrafikinə keçid mümkün görünür: 
- Burada mümkünsüz deyə bir iş yoxdur. Əvvəla, bu, neçə illərdir bizim səsləndirdiyimiz təkliflərdən biridir.  Zamanında ictimaiyyət nümayəndələri tərəfindən səslənən təkliflərin xeylisi Dövlət Proqramına daxil edilib. 2025-30-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramında dəyişkən iş qrafikinin tətbiqi əksini tapır. Məsələn, dərslərin başlanma-bitmə saatı, eyni zamanda səhiyyə müəssisələrində işin başlanma-bitmə saatlarında dəyişiklik etmək olar. Səhiyyə müəssisələrində ixtisaslaşmaya uyğun müxtəlif iş saatları tətbiq edilə bilər. Deyək ki, xəstəxana, poliklinikanın işçi personalı daha erkən saatlarda işə gəlsin, ixtisaslaşmış həkimlərsə bir qədər gec. Zatən, vətəndaşların qeydiyyatdan keçirilməsi zaman aparır, pasiyentlərin həkim tərəfindən qəbulu, təxminən saat 10-dan sonra başlayır. Universitetlərdə də dərs saatlarının vaxtını fərqli etmək, iş rejimini dəyişmək olar. Bu, tələbə və müəllimlərin, ümumiyyətlə, işçi təbəqənin ictimai nəqliyyatdan eyni vaxtda istifadəsinin qarşısını alır. Vətəndaşlar ictimai nəqliyyatdan növbəli istifadə edər. Dünyada bu təcrübə tətbiq olunur. Elə iş yerləri var ki, orada hibrid iş qrafiki tətbiq edilir. Həftənin bəzi iş günlərini, bəzi saatlarını onlayn, bəzisini canlı keçirirlər. Məsələn, Polşa, Fransa, Belçikada hibrid iş metodu tətbiq olunur. Bu, həm də fərdi nəqliyyat vasitələrinin eyni saatda yola çıxmasının və paytaxta kütləvi avtomobil axınının qarşısını alır. Məktəb avtobuslarının təşkili məsələsi də gündəmdədir. Məlumdur ki, hazırda tıxacların bir səbəbi də valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə gətirmələridir. Amma məktəblərin şagirdləri çatdırma servis xidməti olarsa, bir avtobus 30-40 şagirdi eyni vaxtda məktəbə çatdıracaq. Nəticədə 30-40 avtomobil yola çıxmayacaq. Dəyişkən iş qrafiki və məktəb avtobusu xidməti hazırda ən optimal həll variantıdır. 

İ.Hüseynli qeyd etdi ki, özəl sektor işini qurmaqda sərbəstdir. Lakin bu, onları məsuliyyətdən kənarlaşdırmır: 
- Dövlət Proqramı varsa və bu proqramdan irəli gələn tövsiyələr özəl sektor üçün problem yaratmırsa, özəl sektor bunu etməkdə həm də məsuliyyətlidir. Özəl sektorun korporativ-sosial məsuliyyəti var. Onlara da tövsiyələr olacaq. Dünyanın bir çox ölkəsində özəl sektor çoxdan onlayn və hibrid iş rejiminə keçid edib. İstehsal sahələri, ərzaq təminatı ilə məşğul olanlara bu aid deyil. Hansı sahəyə uyğundursa və dəyişkən iş qrafiki ümumi fəaliyyətə problem yaratmırsa, əlbəttə, bu sahələr dövlət proqramının tələblərinə riayət etməyə borcludurlar.       

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında bildirdi ki, müxtəlif təkliflər sırasında dəyişkən iş qrafiki dəfələrlə irəli sürülüb: 
- Bu, tıxacların qarşısının alınması, nəqliyyat sıxlığının azalmasına kömək edəcək vasitələrdən biridir. Bəllidir ki, şəhərdə pik saatlarda nəqliyyat sıxlığı, tıxac problemi yaşanır. Çünki eyni vaxtda iş başlayır, eyni vaxtda da bitir. Təhsil müəssisələrində də həmçinin. Azacıq fərqlə. Sıxlığın aradan qaldırılması, tıxacların qarşısının alınması üçün paralel işlər  həyata keçirilməlidir. Dünya ölkələrində belə təcrübə var. Bu işlər hər bir şəhərin infrastrukturuna uyğun aparılır. Hesab edirəm ki, bizdə də iş vaxtları heç olmasa, 1-2 saat sürüşdürülməlidir. Əlbəttə, elə iş yerləri var ki, səhər saatlarında başlaması vacibdir, amma eləsi var ki, 1 və ya 2 saat gec başlanması iş əmsalına ciddi təsir etməz. Belə iş yerləri, müəssisələr işə bir az gec də başlaya bilər. Bu, problem yaratmaz. Əvəzində sərnişin sıxlığı bir qədər paylaşılar. Müəyyənləşməlidir, hansı müəssisələrdə bu mümkündür. Elə dövlət orqanları var ki, iş saatı standart olmalıdır. Amma məsələn, tələbələrin dərs saatlarının irəli-geri çəkilməsi heç bir problem yaratmayacaq. Bu məsələlər dəqiq müəyyənləşməlidir, təbii ki, təhsil müəssisələrinin işinə zərər vurulmadan. Bir şəhərdə əhalinin 95 faizi eyni vaxtda işə gedib gəlirsə, heç bir nəqliyyat şəbəkəsi bunun öhdəsindən gələ bilməz. Hazırda ikinövbəli təhsil müəssisələri də var. Onların da saa tını dəyişdirmək mümkündür. Dəyişkən iş qrafiki olarsa, işə tez gələn də axşam tez də çıxıb evinə gedəcək. Əlbəttə, bu variant problemi kökündən həll etmir. Bir qədər yüngülləşdirir. Problemin fundamental həlli üçün dəyişkən iş qrafiki ilə yanaşı, ictimai nəqliyyatın  növlərinin artırılması, buxta üzərindən sərnişin nəqliyyatının təşkili, şəhərdə tikintilərin planlı, sistemli şəkildə, geniş yollar və səkilər olmaqla, yaşayış ərazilərinin düzgün sistemləşdirilməsi ilə, bir ərazidə hədsiz sıxlıq, hansısa digərində boşluq yaratmadan aparılması və əhalinin paytaxta toplaşmasının qarşısını almaq da vacib məsələlərdir. Bunun üçün də regionlarda iş və qazanc yerləri olmalıdır. Xüsusi komissiya yaradılmalı və dəqiq ölçülüb-biçilməlidir ki, hansı qurumlar, müəssisələr dəyişkən qrafiklə işləyə bilər. Bununla problem 50 faiz həllini tapa bilər.