Tehran rəhbərliyi ABŞ kimi qlobal dominant güc mərkəzi ilə qarşıdurmanın yaxşı sonluqla nəticələnməyəcəyini anlamalıdır
ABŞ-İran-İsrail arasında aprelin 8-də elan edilən atəşkəsdən 23 gün keçib. Lakin uzadılan atəşkəs tərəflər arasında diplomatik təmasları yumşaltmaq əvəzinə gərginliyə doğru yol alır. Tərəflərin inadkar mübarizəsi Hörmüz boğazı ətrafında dəniz nəqliyyatını iflic vəziyyətinə salıb. ABŞ İrana qarşı sanksiyalardan yayınmağa yardım edən şirkətlərə xəbərdarlıq edərək, onların da sanksiyalarla üzləşəcəyini bildirib. Buna cavab olaraq İran ordusunun nümayəndəsi, sanksiya rejiminə dəstək verən ölkələrin Hörmüz boğazından keçid zamanı çətinliklərlə qarışılaşacağını bəyan edib. Göründüyü kimi Hörmüz boğazı tərəflər arasında şantaj elementinə çevrilib. Müharibənin təməl qaynaqlarından biri olan nüvə proqramı da həllini tapmayıb. ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramından imtina etdiyini desə də, iranlı deputat Kamran Qəzənfəri, heç bir bu məsələ ilə bağlı müzakirə aparılmayacağını açıqlayıb. Parlamentari həmçinin, Amerikanın İranın cənubundakı bəzi adaları ələ keçirməyə hazırlaşdığını bildirib. İranın ali rəhbərliyi isə döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib.
Mövzu ilə bağlı millət vəkili, politoloq Rasim Musabəyov Sherg.az-a bildirib ki, İran rəsmiləri güc göstərişi adı altında söz oyunu aparırlar:

“İran bir tərəfdən nüvə proqramından imtina etməyəcəyini açıqlayır, digər tərəfdən isə Hörmüz boğazına nəzarəti əldən vermək istəmir. Üstəlik ABŞ-nin qəbul etməyəcəyini bildiyi halda, İrana dəyən ziyana görə təzminat da tələb edir. İranın ABŞ-nin qarşısına qoyduğu şərtlər cəfəngiyyatdır. Rəsmi Tehran dünya iqtisadiyyatının Hörmüz boğazından asılı olduğunu düşünür. Reallığa baxsaq görərik ki, blokadadan əziyyət çəkən əsas ölkə elə İranın özüdür. Təzəliycə, ABŞ Hind okeanında İran tankerlərində daşınan neftin böyük bir hissəsini ələ keçirdi”.
Politoloqun sözlərinə görə, İran blokadanı davam etdirəcəyi təqdirdə, onsuz da yerlərdə sürünən iqtisadiyyatını daha ağır duruma sala salacaq:
“Tehran rəhbərliyi ABŞ kimi qlobal dominant güc mərkəzi ilə qarşıdurmanın yaxşı sonluqla nəticələnməyəcəyini anlamalıdır. İran rəsmiləri bunu bilə-bilə ölkəni ölümə aparırlar. Yadınızdadırsa, Yaponiya 1941-ci ildə ABŞ-nin Pörl-Harbor hərbi-dəniz bazasını bombalamışdı. Yaponlar bu hücumla üstünlük qazandıqlarını hesab edirdilər. Ancaq sonda ABŞ qisas əməliyyatı adı altında, bəşər tarixində ilk dəfə nüvə silahı vasitəsilə Yaponiyanın Naqasaki və Hiroşima şəhərlərini viran qoydu. Həmin dönəmdə İranda olduğu kimi Yaponiyanın da resursları tükənmiş vəziyyətdə idi. İran rəsmiləri tarixi faktlardan dərs çıxarıb, ağıllarını başlarına toplamalıdır”.