Müstəqillik ruhu küçə adlarında əks olunmalıdır - Ekspertdən çağırış

Bakıda sovet adları mərhələli şəkildə tarixə qovuşur

Küçə adlarında milli yaddaşın gücləndirilməsi prosesi sürətlənir

Azərbaycanda sovet dövründən miras qalan küçə, qəsəbə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputatlar hələ də cəmiyyətdə “Kirov”, “Orconikidze”, “Jdanov”, “Montin”, “Varovski” və “Razin” kimi sovet ideologiyasını əks etdirən adların işlədildiyini bildirərək, bunun milli yaddaş və toponimika siyasəti baxımından ciddi məsələ olduğunu vurğulayıblar.

Deputat Aydın Mirzəzadə təəssüflə hələ də bu adlara rast gəldiyini deyib: “Bəzən insanlarımız "Xutora" gedirik deyir. Bir dəfə cavan oğlan "nol əlli" dedi, az qaldım ki, maşını saxlayıb deyim ki, sən niyə elə deyirsən axı? Bu, sıfır əllidir. Ona görə də bizim insanlarımız bu məsələdə daha diqqətli olmalıdır".

Deputat Vasif Qafarov isə deyib ki, milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir. O bildirib ki, bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunması daha məqsədəuyğundur: “ Bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək. Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bəzi kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın. Son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır".

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sovet dövründən qalma küçə və yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesi artıq uzun illərdir mərhələli şəkildə həyata keçirilir və ölkə böyük ölçüdə sovet ideoloji mirasından uzaqlaşıb. Onun sözlərinə görə, paytaxt Bakıda və digər bölgələrdə bir çox küçə adları milliləşdirilib, lakin gözdənqaçan yerlər olduğu üçün bu istiqamətdə işlər davam etdirilməlidir:

Əvvəla onu deyim ki, dünyanın müxtəlif ölkələrində Nizami Gəncəvi və Füzuli kimi dahilərimizin adları qorunub saxlanılır. Eyni zamanda Bakıda dünya ədəbiyyatına mühüm töhfələr vermiş Aleksandr Puşkin, Mixail Lermontov, eləcə də beynəlxalq miqyasda tanınan Mstislav Rostropoviç kimi şəxslərin adlarını daşıyan küçələr var. Bu adlar ideoloji yox, daha çox ümumbəşəri və mədəni dəyərlər kontekstində qiymətləndirilir”.

44 günlük Vətən müharibəsindən sonra şəhidlərin adlarının küçə və yaşayış məntəqələrində əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını xatırladan İ. Hüseynli qeyd edib ki, bu prosesdə ictimai mövqe və vətəndaş təşəbbüsü xüsusi əhəmiyyət daşıyır:

“ Bəzən sovet dövründə yaşamış və həmin sistemdə fəaliyyət göstərmiş şəxslərlə bağlı cəmiyyətdə fərqli münasibətlər mövcud olur, onların müəyyən xidmətləri də nəzərə alınır. Ancaq düşünürəm ki, küçə adları daha çox müstəqillik dövrünün ruhuna və milli dəyərlərə uyğun müəyyənləşdirilməlidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış insanların, xüsusilə Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin adlarının əbədiləşdirilməsi prioritet olmalıdır. Bu, həm milli yaddaşın möhkəmlənməsinə, həm də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edər. 

Adıkeçən ərazilərdə yaşayan sakinlər arasında sorğu aparsaq, görərik ki, onların əksəriyyəti nə adın dəyişdirilməsi, nə də məhəllədə şəhid adının verilməsi ilə bağlı təşəbbüs göstərib. Fikrimcə bu adlar dəyişdirilməli və yenilənməlidir. Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş çoxsaylı qəhrəmanları var ki, onların adları mütləq şəkildə əbədiləşdirilməlidir.”