Vətəndaşlarımızın xaricdə işləməsi ölkəmizin iqtisadi reallıqlarından qaynaqlanır -RƏY

2026-cı ilin yanvar-mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər edən işsiz Azərbaycan vətəndaşlarının sayı azalıb.

 Cari ilin ilk 3 ayında xaricə səfər edən işsiz şəxslərin sayı 887 nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27 nəfər və ya 2,95% azdır. Belə ki, 2025-ci ilin yanvar-mart aylarında bu kateqoriya üzrə xaricə səfər edənlərin sayı 914 nəfər olub.

Statistikaya görə,işsiz Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr arasında Gürcüstan və Rusiya ilk sıralarda yer alıb.

Hüquqşünas Əkrəm Həsənov Sherg.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaşlarının xaricdə işləməsi uzun illərdir ki, ölkəmizin iqtisadi reallıqlarından qaynaqlanır:

" Xüsusilə Rusiya və Ukrayna uzun müddət Azərbaycan üçün əsas iş bazarı olub. Lakin 2022-ci ildən etibarən Rusiya-Ukrayna müharibəsi vəziyyəti tamamilə dəyişdi. Ukraynadakı müharibə səbəbindən iş imkanları demək olar ki, sıfıra enib və ölkədə həyat şəraiti çox çətinləşib. Rusiyada isə son aylar miqrantlara qarşı tətbiq olunan məhdudiyyətlər və sosial təzyiqlər azərbaycanlı işçilərin orada fəaliyyətini xeyli çətinləşdirib. Bu vəziyyət Azərbaycan vətəndaşlarını digər qonşu ölkələrə yönəldib. Əsas hədəf ölkələr kimi Gürcüstan və Türkiyə seçilir. Türkiyə uzun illərdir ki, Azərbaycan vətəndaşları üçün geniş iş imkanları təqdim edir. Lakin hazırda Türkiyənin özündə kifayət qədər işçi qüvvəsi var, tələbat azdır. Gürcüstanda isə iş axtaran azərbaycanlılar rahatlıqla məşğulluq imkanları tapa bilirlər. Gürcüstan iqtisadiyyatı və qanunvericiliyi həm iş, həm də biznes üçün müəyyən üstünlüklər təklif edir. İş şəraiti, vergi və hüquqi qanunvericilik daha əlverişlidir və sahibkarlıq fəaliyyəti üçün daha açıq bir mühit mövcuddur. Əmək haqqı və həyat səviyyəsi Azərbaycana nisbətən yüksək olsa da, yerli əhali arasında işgüzarlığın aşağı olması bəzi sahələrdə azərbaycanlı işçilərə üstünlük yaradır. Yəni gürcülərin tənbəl olması azərbaycanlıların həm iş tapmaq, həm də biznes qurmaq imkanlarını artırır".