Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.az xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq araşdırmalar həyata keçiriblər. Tədbirlər nəticəsində 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra tavandan asaraq öldürməsi müəyyən olunub.
A.İbrahimli şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub. Onun ikinci övladı üç aylıqdır.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, psixoloji pozuntusu olan bir çox insan demək olar ki, bunu düşünmür və sağlam olduğuna əmin olur:

“Sərgilənən davranışlar düşüncəyə bağlıdır. Düşüncə kontroldan çıxırsa, mənəvi və fiziki olaraq insanın həm özünə, həm də ətrafa təhlükə yaratmasına zəmin yaradır. Psixoloq bir insan psixikasının sağlam olmadığını və hansı səbəblərdən pozuntular yarana biləcəyini sadalayıb:
Yuxu pozuntusu, səbəbsiz yerə hər kiçik detallara qıcıqlanma, xroniki yorğunluq, monotonluq, aşırı qısqanclıq, sıx-sıx şübhələnmə halları, spirtli içki qəbul edərkən aqresiv davranışın ortaya çıxması, depresiyanın apatiya növü, uşaqlıqda yaxud sonradan baş vermiş psixoloji, emosional sarsıntılar, pis vərdişlər, tez- tez küsmək, təşviş- həyəcan pozuntusu, yüksək səviyyədə narahatlıq, gərginlik, neqativ düşüncələr, obsessiyalar, fikir dağınıqlığı, fokuslana bilməmək, özünə qapanma, asosiallıq, ünsiyyəydən qaçmaq, çevrənin olmaması, sinirsəl pozuntular ( qəza zamanı alınan travma və sairə), fobiyalar, cinsi zəifliklər, yaxud cinsi obsesiyalar. Həmçinin intihara meyillilik, gizli şizofreniya, tez ruhdan düşmə, uğursuzluğa təslim olma halları, motivasiya əksikliyi, özünə dəyərsizlik, qərarsızlıq, hormonal pozuntular, mədə- bağırsaq problemləri və sairə kimi hallar psixoloji vəziyyətin sağlam olmamasının əlamətləridir".
Psixoloq əlavə edib ki, ailə münaqişələrindəki ölüm faktorları birdən-birə baş vermir. Evlilikdə mübahisələr zamanla mərhələli şəkildə keçidlər edir:
"Məsələn, səs tonunun qalxması, bağırtıya keçid etməsi, təhqirlər, şiddət, şantaj, intihar yaxud öldürülmə.
İlk iki mərhələ artıq təhlükəli nəticənin ilk mesaj əlamətləridir ki, birlikdə ailə psixoloquna müraciət etmək, yaxud bundan nəticə çıxarmaq vacibdir”.