Azparking cərimələri ilə bağlı mübahisələrə son: İlk 15 dəqiqə pulsuzdur, amma...

Maşını saxlayan kimi bunu etməsəniz, 20 manat cərimə gələcək

Azparking əməkdaşlarından narazılıqlar səngimir. Əməkdaşların haqsız halda sürücülərə cərimə yazdıqlarına dair sosial şəbəkələrdə məlumatlar və videolar tez-tez paylaşılır. Həmçinin, bəzən mobil tətbiqdə problem yarandığı, SMS göndərişlərin qəbul edilmədiyinə dair də narazılıqlar səslənir. Onlayn sistemdə nasazlıq səbəbindən qeydiyyat mümkün olmur, lakin vətəndaşlara cərimə yazıldığını deyilir. 

Növbəti belə videoda vətəndaş Azparking əməkdaşının niyə 20 manat cərimə yazdığını aydınlaşdırmağa çalışdığı, əməkdaşın isə arxasının çevirərək hadisə yerindən uzaqlaşdığı görünür. Görüntülərdə vətəndaşın “sən gördün ki mən maşından düşdüm, siqaret aldım, qayıdıram. Maşını saxladığım yerdə heç bir qadağan nişanı, “parkovka” nişanı da yoxdu. Varsa, göstər. Sən gizlicə avtomobilin nömrəsini çəkib cərimə yazırsan”, dediyi eşidilir. Azparking əməkdaşı isə sanki iradlar ona ünavnlanmayıb kimi saymazyana davranır. 

Nəqliyyat msəələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında həmin videonu izlədiyini bildirdi: 

- Vətəndaş video çəkir, Azparking əməkdaşına deyir, niyə cərimələyirsən, 3 dəqiqəliyə maşını saxlayıb getmişəm. Əgər vətəndaş avtomobili saxlayıb harasa gedirsə və qeydiyyatdan keçmirsə, ya mobil tətbiq, ya da SMS vasitəsiylə məlumat göndərilmirsə ki filan yerdə avtomobili saxlayıb, ona əlbəttə ki cərimə yazılacaq. Parklanmanın ilk 15 dəqiqəsi pulsuzdur. Amma bu o demək deyil ki, avtomobili saxladıqdan 15 dəqiqə sonra qeydiyyatdan keçilməlidir. Avtomobili saxlayan kimi SMS göndərilməli, ya da mobil tətbiq vasitəsiylə qeydiyyatdan keçmək lazımdır ki filan yerdə avtomobili saxlamısınız. Parklanma qaydalarının pozulmasına görə 20 manat cərimə tətbiq edilir. Ödənişli parklanma yerlərində bunu göstərən xüsusi nişanlanma olur. Vətəndaş daxil olduqda bilməlidir, parklanma yeri ödənişlidir, yaxud ödənişsiz. Ödənişlidirsə, dərhal qeydiyyat aparılmalıdır, belə etsə, kimsə onu cərimələyə bilməz. Cərimə edilsə belə, cərimə silinəcək. Əgər mobil tətbiqdə və ya SMS sistemində müvəqqəti nasazlıq yaranırsa, bu zaman vətəndaş Azparking-in “Qaynar Xətt”inə müraciət etməlidir. Mən əminəm ki. problem vətəndaşın xeyrinə həll olunacaq.