"Otlaqlar əhaliyə qaytarılmalıdır. Fermerlərə real dəstək mexanizmləri tətbiq olunmalıdır"
2025-ci ildə Azərbaycana Monqolustandan 3.6 milyon ABŞ dolları dəyərində 897 ton quzu və qoyun əti idxal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, Monqolustandan ət idxalı əvvəlki illə müqayisədə həcm baxımından 77%, məbləğ baxımından isə 77.8% artıb. Belə ki, 2024-cü ildə ölkəyə 2 milyon 25 min ABŞ dolları dəyərində 506.4 ton qoyun və quzu əti idxal edilmişdi.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirib ki, Monqolustandan, Ukraynadan, Braziliyadan və digər ölkələrdən idxal olunan ətlər, şübhəsiz ki, Azərbay:canda yaranmış ət çatışmazlığını aradan qaldırmaq məqsədi daşıyır:
“Monqolustan ətinin Azərbaycan bazarına daxil olması və defisitin qarşılanması müsbət haldır. Lakin ümumilikdə bazarın xarici istehsaldan asılı vəziyyətdə qalması narahatedici məqamdır. Bu, ölkədə kənd təsərrüfatı siyasətinin yetərincə effektiv olmadığını göstərir. Mənə Perudan Malik adlı tanışım illərdir zəng edir və kənd təsərrüfatı, xüsusilə heyvandarlıq siyasəti ilə bağlı fikirlərini bölüşür. O qeyd edir ki, Azərbaycanda heyvandarlıq sahəsində böyük potensial var. Təəssüf ki, qarşıya qoyulan proqramlar, iri təsərrüfatların və ya aqrar müəssisələrin yaradılması istiqamətində planlar lazımi səviyyədə həyata keçirilmir.
Hesab edirəm ki, effektiv kənd təsərrüfatı siyasətinə ehtiyac var. Otlaqlar əhaliyə qaytarılmalıdır. Fermerlərə real dəstək mexanizmləri tətbiq olunmalıdır. Kənd təsərrüfatının inkişafı üçün konkret və nəticəyönümlü təşviq mexanizmləri hazırlanmalıdır”.
Ekspert əlavə edib ki, hökumət effektiv kənd təsərrüfatı siyasəti həyata keçirsə, xüsusilə azad olunmuş torpaqlarda böyük fermalar yaradılarsa, bu, ət istehsalını əhəmiyyətli dərəcədə artıra və mövcud defisiti aradan qaldıra bilər:
“Əgər məsul qurumlar bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparsa, boş və azad olunmuş torpaqlarda səmərəli aqrar siyasət tətbiq olunsa, düşünürəm ki, yaxın 8 il ərzində bu problem həllini tapa bilər. Əks halda, ət istehsalı aşağı səviyyədə qalacaq, defisit davam edəcək və qiymət artımı ilə bağlı problemlər daha da dərinləşəcək”.