Əkrəm Bəydərmirli: "SSRİ cinayət və saxtakarlıq üzərində quruldu, ona görə dağıldı”
“28 aprel işğalının fəlakətlərini unutmaq olmaz. Uzun illər 28 apreli, sosializmi bəlağətli ifadələrlə beynimizə doldurmuşdular. Həqiqət təhrif olunaraq saxta tarixşünaslıq yaradılmışdı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydərmirli bildirdi. Birlik sədri qeyd etdi ki, əgər bir rejim saxtakarlıq üzərində qurulursa və insanlara qarşı cinayət törədirsə, həmin quruluş gec-tez süqut edir. SSRİ-nin çöküşünü məhz cinayətləri və saxtakarlığı sürətləndirdi:
- 1920-ci ilin 28 aprelindən başlayaraq 1990-cı ilin 20 Yanvar faciəsinə qədər totalitar rejimin dinc insanlara qarşı törətdiyi qanlı hadisələrə nəzər salsaq, tarixin acı gerçəkliyi ortaya çıxır. 28 aprel işğalı yalnız Azərbaycanın müstəqilliyini əlindən almadı, bu təcavüz, həm də işıqlı insanların düşüncəsini boğdu. 30 ildən artıq bu repressiya dalğası davam etdi. 1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim Məcid Katibli yazır ki: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”. İşğalın, repressiyanın zamanı fərqli ola bilərdi. Amma mahiyyət eynidir. Həmin rejim terroru, repressiyanı dövlət siyasətinə gətirmişdi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bu gün həmin sovet quruluşunun xiffətini çəkən və onu bərpa etmək istəyən qüvvələr var. Amma, belə məkrli niyyət heç zaman baş tutmayacaq. Həmin totalitar rejimin xalqların həyatına gətirdiyi dəhşətləri heç kim, hətta gələcək nəsillər də unutmamalıdır. Unutmamalıyıq ki, azadlıq, müstəqillik bəxşiş edilmir, qanla qazanılır. Onu da qeyd etmək istərdim ki, insan həm də bioloji varlıqdır. Müəyyən tələbatları və iqtisadi çətinlikləri olur. Bir zəruri məqamı unutmaq olmaz ki, sosial-iqtisadi problemlər əbədi deyil. Öz vəzifəsinə laqeyd yanaşanlar var, məmur etinasızlığı var. Bütün bunlar mütləq keçib gedəcək. Müstəqillik isə əbədidir. Azad yaşamaq əvəzsizdir.