Qurban bayramında 1 yaşına çatmamış qoyun kəsmək olmaz - Qida eksperti

"Bunu vicdansız, dindən, imandan uzaq adamlar edə bilər"

"6 aylıq heyvanların kəsilməsi və istifadəsi yolverilməzdir, vətəndaşlara belə heyvanları kəsməməyi tövsiyə edirik”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı münasibəti ilə keçirilən brifinqdə deyib.

O bildirib ki, həmin heyvanların ətinin keyfiyyəti 12 aylıq heyvanların ətinin keyfiyyətindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Bəzən insanlar qurban kəsmək adı ilə 6 aydan kiçik heyvanları da kəsirlər. Amma bunu etmək olmaz. 

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cavan heyvan əti yaşlı heyvan ətinə nisbətən daha yumşaq, tez bişən və həzmi asan olduğu üçün adətən daha dadlı hesab olunur: 

-İribuynuzlu heyvanların, məsələn, dana, öküz, inək əti kobud və sərt olur. Belə ətlərin yumşalması üçün 6-7 saat qaynadılması tələb olunur. Ümumiyyətlə, əti aldıqdan dərhal sonra bişirmək səhvdir. Ət ən azı 12 saat soyuducuda dinləndirilməlidir ki, sərtliyi aradan getsin və tez bişsin. 

6 aylıq quzuların kəsilməsinə gəlincə, A.Salamov qeyd etdi ki, dinimiz qurbanlıq heyvanların yaşını dəqiq göstərir: 

- Dinimizin qaydalarıba görə, qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Qoyun və keçi 1 yaşında və ya 1 yaşına yaxın, əgər kök heyvanlardısa, öküz və inək iki ildən artıq, dəvənin isə beş yaşı tamam olmalıdır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında da bildirilir. Qurbanlıq heyvanın qüsursuz olması, xəstə, şikəst olmamasına da diqqət edilməlidir. İnanmıram ki, kimsə Qurban bayramında 1 yaşına çatmamış, arıq, cansız heyvanı qurbanlıq adıyla kəssin. Bunu vicdansız, dindən, imandan uzaq adamlar edə bilər.