Şikayət etmək hər bir pasiyentin hüququdur...
Həkim işində yol verdiyi səhlənkarlığa görə cinayət məsuliyyəti ilə yanaşı mülki məsuliyyətə də cəlb oluna bilər
Həkim məsuliyyətsizliyi nəticəsində ölüm faktlarına görə məsuliyyətə cəlb edilən səhiyyə işçiləri var. Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov sosial şəbəkədə canlı yayımda bildirib ki, son dövrlərədək ölkədə həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı maddə mövcud deyildi: "Cari ilin 13 iyununda Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada təsdiq olundu. Bununla da, tibb işçilərinin öz işinə vicdansız və laqeyd münasibəti nəticəsində xəstənin sağlamlığına az ağır zərər vurulduqda cinayət tərkibi yaranır".
Cinayət Məcəlləsinə yeni maddənin daxil edilməsi həkim məsuliyyətini artıracaqmı, görəsən? Müxtəlif xəstəliklərlə bağlı daxili orqanlar üzərində cərrahiyyə əməliyyatları, doğuş zamanı ölüm faktları baş verir. Təbii ki, bu kimi hallarda cinayət məsuliyyəti yaranır, istintaq orqanları hərəkətə keçir, ölüm səbəbləri araşdırılır. Bir də var, şəxsin hər hansı əməliyyata könüllü olaraq razılıq verməsi. Məsələn, plastik əməliyyatlar, piy çəkmə, mədə kiçiltmə v sair kimi zahirən gözəllik naminə icra edilən, lakin bəzən faciələrlə nəticələnən əməliyyatlar. Estetik əməliyyat etdirmək üçün həkimə müraciət edib daha da eybəcərləşənlər də olur. Belə hallarda həkimi təqsirkar bilib, məhkəməyə də müraciət edirlər. Həkim də pasiyentin imzaladığı razılıq sənədini ortaya qoyur ki, “mən onu məcbur etməmişəm, özü yalvarıb-yaxarıb ki, sən Allah, burnumu düzəlt, buxağımı dart, çənəm nazik görünsün, gözümü “qıyıq” elə, qaşımı da fəzaya “uçur”. Bəs belə hallarda həkim nə dərəcədə məsuliyyət daşıyır?
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Qulam İsmayılzadə həkimlərin hansı halda məsuliyyətə cəlb olunmasına aydınlıq gətirib:
- Həkim səhlənkarlığı tibb işçisi tərəfindən qərəzli şəkildə öz üzərinə düşən vəzifələrin icra edilməməsinə görə ona müraciət edən şəxsə zərər yetirilməsidir. Həkim səhlənkarlığı yalnız həkimin səhvindən ibarət deyil, həmçinin həkimin xəstə ilə bağlı lazımi tibbi prosedurları həyata keçirməməsindən, xəstəni vaxtında müayinə etməməsindən və onu xəstəxanaya yerləşdirməməsindən ibarətdir. Həkim işində yol verdiyi səhlənkarlığına görə müəssisədaxili intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilə bilinər. Həkimlərin səhlənkarlıqlarına bunlar daxildir; Həkim xəstənin şikayətlərinə diqqətsiz yanaşır, bu da səhv diaqnoza və səmərəsiz müalicəyə səbəb olur. Reabilitasiya dövründə həkim xəstənin vəziyyətinə diqqətsiz yanaşır və bu da xəstənin səhhətində ağırlaşmalara və ya xəstəliyin təkrarlanmasına səbəb olur. Həkim tibb sirrini yayır və ya tibbi etikanı gözləmir. Müalicə müəyyən edilmiş müalicə müddətindən əvvəl başa çatdırıldığı üçün ağırlaşdırıcı fəsadlara səbəb olur.
Hüquqşünas qeyd etdi ki, istənilən həkim peşəkar vəzifələri müəyyən edilmiş bir vəzifəli şəxsdir. Əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhhətinə ciddi zərər vurmuş və ya onun ölümünə səbəb olubsa, bu, cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər. Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün dəqiq səbəblər olmalıdır, çünki qeyri-müəyyənlik olduğu halda tibbi heyət məsuliyyətdən azad olur. Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır. Burada əməlin mahiyyətinə uyğun olaraq 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə 2 ildən 5 ilədək müddətə və ya daha ağır cəzalara məhkum edilə bilər.
Q.İsmayılzadə praktiki misal çəkib:
- Mama-ginekoloq tərəfindən “Qeysəriyyə əməliyyatı”nın vaxtında aparılmaması səbəbindən körpə ölümü baş verib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, kliniki göstəricilərə əsasən həkim təcili surətdə əməliyyat icra etməli idi, amma etməyib. Buna görə həmin həkim AR Cinayət Məcəlləsinin 314.2-ci maddəsi 2 il müddətində azadlıqdan məhrumetmə cəzası alıb.
Q.İsmayılzadə bildirdi ki, həkim işində yol verdiyi səhlənkarlığa görə cinayət məsuliyyəti ilə yanaşı mülki məsuliyyətə də cəlb oluna bilər. Burada həkimin səhlənkarlığı nəticəsində xəstəyə vurduğu maddi və mənəvi zərərə görə, həmçinin xəstə öldüyü təqdirdə onun ailə üzvlərinə mənəvi zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulur.
Pasiyentlər də öz hüquqlarını bilməli, tibb müəssisəsindən, müalicə həkimindən, tibbi personalın işindən narazıdırlarsa, şikayət edə bilərlər. Şikayətin əsaslı olduğu müəyyənləşdikdə onlar məsuliyyətə cəlb ediləcəklər.