Vətəndaş cəmiyyəti üçbucağının ən zəif həlqəsi QHT-lərdir

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

  

13 dövlət qurumuna qrant səlahiyyəti verildi, amma yarısı istifadə etmir

 

“Yeni konsepsiyada QHT-lərin fikri nəzərə alınmasa, sektor daha da zəifləyəcək”

Bakıda Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində Forum keçirilib. Forumun “2025-ci ilin yekunları: Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının ümumi fəaliyyəti” mövzusuna həsr olunub. Forum çərçivəsində 2025-ci il üzrə üç əsas sektorun fəaliyyəti, əldə olunan nəticələr, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

Dövlət qurumlarının 2025-ci ildə sosial, iqtisadi və ictimai sahələr üzrə fəaliyyətinin yekun icmalı, Biznes sektorunda KSM, sosial investisiya və ictimai tərəfdaşlıq üzrə əldə olunan irəliləyişlərə toxunulub.

Eyni zamanda QHT sektorunda 2025-ci ilin nəticələri, görülmüş işlər və institusional inkişaf prosesi, Dövlət–biznes–QHT üçtərəfli əməkdaşlığının 2025-ci il üzrə nəticələri və mövcud çətinliklər təhlil edilib.

Forumda dövlət qurumlarının nümayəndələri, biznes strukturlarının rəhbərləri, ictimai sektor təmsilçiləri, ekspertlər və vətəndaş cəmiyyətinin fəal üzvləri iştirak ediblər. Tədbirin əsas məqsədi sektorlararası əməkdaşlığın gücləndirilməsi, əldə olunmuş təcrübənin paylaşılması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.

Forumda çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Zaur İbrahimli ölkədə QHT-lərin mövcud durumu, maliyyə dayanıqlığı və özəl sektorla əməkdaşlıq imkanları barədə geniş danışıb. Z.İbrahimli bildirib ki, hazırda Azərbaycanda təxminən 4 minə yaxın QHT qeydiyyatdan keçib, onlardan təxminən 1000-ə yaxını aktiv fəaliyyət göstərir, aktiv təşkilatların isə 60 faizi intensiv şəkildə dövlət qurumları ilə əməkdaşlıq edir. Buna baxmayaraq, özəl sektorla əməkdaşlıq hələ də çox məhdud səviyyədə qalır:

“90-a yaxın iri şirkətin təhlilini apardıq və məlum oldu ki, onların cəmi 18–19-u QHT-lərlə davamlı əməkdaşlıq edir. Bu, çox aşağı göstəricidir. Halbuki qardaş Türkiyədə QHT-lərin təxminən 40 faizi özəl sektorun korporativ sosial məsuliyyət (KSM) təşəbbüslərinə cəlb olunur. Qazaxıstanda bu rəqəm 20 faizə yaxındır. Azərbaycanda KSM təşəbbüsləri əsasən 5 əsas mövzu ətrafında cəmləşib və bu da cəmiyyətin dəyişən ehtiyaclarını tam əhatə etmir. Cəmiyyətin texnoloji və sosial tələbatları sürətlə dəyişir, amma KSM təşəbbüsləri hələ də məhdud mövzular ətrafında dövr edir. Milyonlarla vəsait ayrılır, lakin bu resursların daha səmərəli və geniş istiqamətlərə yönəldilməsinə ciddi ehtiyac var”.

O, bəzi şirkətlər üçün prioritet sahələrin dəyişməz qala biləcəyini də vurğulayıb: “Məsələn, "Azergold" üçün ətraf mühit prioritetdir, çünki mədən sənayesi ilə məşğuldur. Amma bu istiqamətin daxilində daha rəngarəng və çoxsaylı QHT-lərin cəlb olunduğu layihələr həyata keçirmək olar. Hazırda QHT-lərin iki əsas maliyyə mənbəyi mövcuddur: dövlət qrantları və özəl sektorun ianələri.

Lakin hər iki mənbə kifayət etmir. Bu il Agentlik tərəfindən təxminən 407–415 layihə maliyyələşdirilib. Orta qrant məbləği təqribən 12 min manatdır. Bir təşkilat ildə cəmi bir dəfə maliyyə ala bilir. Bu isə QHT-lərin real fəaliyyət ehtiyacları üçün çox azdır. Özəl sektorun ianələrinə gəlincə isə bu sahədə yalnız məhdud sayda QHT iştirak edə bilir”.

Z.İbrahimli 2024–2025-ci illərdə QHT sektorunun beynəlxalq uğurlarını da xüsusi qeyd edib: “Qlobal Cənub QHT Platforması təsis olunub – 116 ölkəni əhatə edir, katibliyi Bakıda yerləşir. Türk Dövlətləri QHT Platforması yaradılıb – 8 ölkə iştirak edir. Cenevrədə “Qarabağ günləri” aksiyası keçirilib. BMT Baş Assambleyasında Bakı Təşəbbüs Mərkəzi barədə sənəd qəbul olunub. Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi və Nazirlər Kabinetinin 88 saylı qərarı QHT-lər üçün müəyyən imkanlar yaradır, lakin bu imkanlar hələ də məhdud sahələri əhatə edir. QHT-lərin mədəniyyət, yaradıcı sənaye, elm və təhsil sahəsində həyata keçirdiyi layihələr mənfəət vergisindən azad edilə bilər. Amma biz hesab edirik ki, bu güzəştlərin dairəsi daha da genişləndirilməlidir. Gənclərin QHT sektoruna cəlbi ilə bağlı məsələyə də toxunum. Hazırda QHT sektorunda ortayaşlı kadrlar üstünlük təşkil edir. Gənclərin bu sahədə daha aktiv iştirakı üçün gənclər evləri və digər mexanizmlər vasitəsilə onların qeyri-hökumət təşkilatlarına daha sistemli şəkildə cəlb olunması vacibdir”.

Dövlət–Özəl Sektor–QHT Platforması çərçivəsində keçirilən Forumun III panelində “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov çıxış edərək qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi və iqtisadiyyatın kreditləşməsi ilə bağlı ciddi məsələlərə toxunub.

Professor bildirib ki, hazırda dövlət büdcəsindən QHT-lərin fəaliyyəti üçün ümumilikdə təxminən 6 milyon manat vəsait ayrılır: "Bəzi təşkilatlara 1500–2000 manat, bəzilərinə isə 3000 manat civarında maliyyə ayrılması QHT sektorunun real ehtiyaclarını qarşılamır. QHT-lərin büdcəsinin yeni strateji yanaşmalar əsasında yenidən formalaşdırılmasına ciddi ehtiyac var. 130 milyard manata yaxın ümumi daxili məhsula və təxminən 41 milyard manat dövlət büdcəsinə malik ölkə üçün 6 milyon manatlıq QHT maliyyəsi son dərəcə aşağı göstəricidir. Xarici təsirlər, iqtisadi məhdudiyyətlər və qlobal risklər fonunda QHT-lərin dəstək mexanizmlərinin gücləndirilməsi zəruridir".

Çıxışında kreditləşmə məsələsinə də toxunan iqtisadçı bildirib ki, Azərbaycanda 100 manatlıq ÜDM-yə cəmi 38 qəpik kredit düşür. Halbuki geridə qalan ölkələrdə bu göstərici 20–30 faiz, orta gəlirli ölkələrdə 50 faiz, inkişaf etmiş ölkələrdə isə 100 faizi və daha artıq olur: "Bizdə güzəştli kreditlərin həcmi real sektorun, xüsusilə kiçik və orta biznesin inkişafı üçün yetərli deyil. İstehlak kreditlərinin faiz dərəcələri 18–25 faiz arasında dəyişdiyi halda, real sektor üçün güzəştli kreditlərin həcmi çox aşağıdır. Təxminən 500 milyon manatlıq güzəştli kreditlə 130 milyard manatlıq iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil". Sonda professor vurğulayıb ki, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxış problemi hələ də tam həllini tapmayıb və bu istiqamətdə daha ciddi iqtisadi islahatlara ehtiyac var.

Forumla bağlı təəssüratlarını Sherg.az-a bildirən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin mövcud vəziyyəti, əsas problemləri və 2026-cı il üçün gözləntilər barədə fikirlərini bölüşüb. C.Hüseynzadə bildirib ki, son illər vətəndaş cəmiyyətinin beynəlxalq müstəvidə əldə etdiyi uğurlar ümumi sektorun nüfuzunun və ictimai etimadın artmasına mühüm töhfə verib:

“Lakin problemlər də kifayət qədərdir və belə tədbirlərdə bu problemlərin açıq şəkildə səsləndirilməsi vacibdir. Hazırda dövlət–özəl sektor–QHT üçbucağında ən zəif həlqə məhz qeyri-hökumət təşkilatlarıdır. Dövlət qurumları və özəl sektorun son illərdə gücləndiyi halda - əlbəttə, bu yaxşı haldır, vətəndaş cəmiyyətinin nisbətən zəifləməsi əsasən maliyyə problemləri ilə bağlıdır. Əsas problem maliyyə dayanıqlığının olmamasıdır. Digər ciddi məsələ isə maliyyə qaynaqlarının şaxələndirilməsidir. Bu problem illərdir bizi narahat edir”.

C.Hüseynzadə qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanına əsasən 13 dövlət qurumuna qrant ayırmaq hüququ verilsə də, bu qurumların təxminən yarısı indiyədək bu hüquqdan istifadə etməyib. Bununla yanaşı, o vurğulayıb ki, bəzən QHT-lərin özləri də bu imkanları yetərincə müzakirə müstəvisinə qaldırmırlar:

“Məsələn, səhiyyə sahəsində xeyli sayda QHT fəaliyyət göstərir, lakin onların böyük hissəsi aidiyyəti dövlət qurumunun qrant vermək hüququnun olması məsələsini qaldırmırlar. Özəl sektorla əməkdaşlıq məsələsinə gəlincə qeyd edim ki, korporativ sosial məsuliyyət çərçivəsində ayrılan vəsaitlərin böyük hissəsi birbaşa özəl sektorun öz layihələrinə yönəldilir, bu maliyyə ilə vətəndaş cəmiyyəti şaxələndirilmir. Bəzi dövlət qurumları da vətəndaş cəmiyyətinə aid olan fəaliyyətləri birbaşa özləri icra edirlər ki, bu da düzgün yanaşma deyil".

QHT sədri vurğulayıb ki, dövlət qurumları özəl sektoru və QHT-ləri birgə fəaliyyətə təşviq etməli, bu istiqamətdə stimullaşdırıcı mexanizmlər yaradılmalıdır:

“Korporativ Sosial Məsuliyyət sahəsində müsabiqələrin keçirilməsini, uğurlu nümunələrin dövlət səviyyəsində qiymətləndirilməsini və təbliğini vacib hesab edirəm. İlin sonunda yaxşı nümunələri ilə seçilən sektor nümayəndələri qiymətləndirilməlidir. Eyni zamanda dövlət qurumları tərəfindən uğurlu fəaliyyəti ilə seçilən QHT-lər də qiymətləndirilməlidir. Dövlətin etimad göstərdiyi QHT fəallarının və sosial təşəbbüslərin tanıdılması özəl sektorun da bu şəxslərlə əməkdaşlığa marağını artırar. 2026-cı il üçün gözləntilərə gəlincə, yeni konsepsiyanın qəbulunda vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Milli QHT Forumunun rəhbərliyi altında geniş müzakirələr aparılmalı və sektorun real tələbləri həmin konsepsiyaya daxil edilməlidir. Eyni zamanda, hesab edirəm daha çox təsir imkanları yaxşı olan layihələr və yekunda dəyər zənciri yaradan layihələrə üstünlük vermək lazımdır”.