Türkiyənin Cümhuriyyət Günü bizim üçün qardaş bayramıdır”
Sabah Türkiyə Cümhuriyyətinin yaranmasının növbəti ildönümüdür. Maraqlıdır, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaranmasının digər türk xalqlarının həyatında hansı rolu oldu? Əgər Türkiyənin apardığı Qurtuluş savaşı məğlubiyyətlə nəticələnsəydi, bu, digər türk xalqlarının gələcəyi üçün də faciəvi nəticələrə səbəb ola bilərdimi?
Moderator.az-a açıqlama verən Azərbaycan "Türk ocağı"nın başqanı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Qurtuluş savaşındakı qalibiyyətin yalnız Türkiyədə deyil, digər coğrafiyalarda yaşayan türk xalqları üçün də mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
“Öncə onu deyim ki, Türkiyədən öncə Azərbaycanda Cümhuriyyət qurulmuşdu və bolşevik işğalından sonra Cümhuriyyət qurucularının çoxu da Türkiyəyə mühacirət eləmişdi. Türkiyədə müxtəlif mühacir dərgiləri çap olunur, təşkilatlanırdılar. Yalnız Azərbaycanda deyil, Orta Asiyadakı türk cümhuriyyətləri də süqut eləmişdi. Bu səbəbdən də onların liderləri Türkiyədə idilər.
Mustafa Kamal Paşanın rəhbərliyi ilə milli qurtuluş hərəkatı prosesi başlayanda, Azərbaycanın və Orta Asiya türk cümhuriyyətlərinin liderləri də bu və ya digər dərəcədə dəstək vermişdilər. Türkiyənin Qurtuluş savaşında Nuru paşanın komandanlığı ilə Şuşadan Cənubi Azərbaycana keçən və oradan Türkiyə ərazilərinə daxil olan Azərbaycanın 1200 nəfərlik əsgəri heyəti iştirak edib. Onlar Sakarya meydan müharibəsində də iştirakçı olublar. Azərbaycan hərbçiləri Qarsın alınmasında və İstiqlal savaşının digər mərhələlərində türk hərbçiləri ilə birlikdə döyüşmüşdülər. Onların bir çoxu, hətta sonralar general rütbəsinə qədər qalxdılar, bir çoxu Atatürkün sərəncamı ilə "İstiqlal"ı ilə mükafatlandırılıblar.
Türkiyədə Cümhuriyyətin yaradılması Azərbaycan və Orta Asiya türkləri üçün də bir ümid yaratmışdı. Bu ümidin mahiyyəti bundan ibarət idi ki, Türkiyə toparlanandan sonra, yenidən həmin cümhuriyyətlərin öz müstəqilliyini qazanması üçün səy göstərəcək.
Mustafa Kamal Paşanın rəhbərliyi ilə aparılan Qurtuluş savaşı türk xalqının qələbəsi ilə nəticələndi. Qeyd etdiyim kimi, bu savaşda Azərbaycan türkləri də yaxından iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil edilən ordunun bir hissəsi Kazım Qarabəkir Paşanın rəhbərliyi altındakı Şərq orduları komandanlığının sıralarına cəlb olunmuşdu.
Bütövlükdə, “türk” adını özündə ehtiva edən bir dövlətin yaranması digər türklər üçün də bir ümid mənbəyi idi. Azərbaycan və Orta Asiya mühacirlərinin, eləcə də II Dünya müharibəsindən sonra əsir düşən azərbaycanlıların geri qayıtmayan hissəsinin qorunmasında Türkiyənin çox böyük rolu oldu. Bu, bizim üçün qardaş bayramıdır. Bu bayramı hər kəs sevinclə qarşılayır və belə də olmalıdır”.