Amsterdam Universitetinin əməkdaşı Sara Krombaxın dissertasiya “tədqiqatı” yalnız görkəmli alim Ziya Bünyadova deyil, bütövlükdə Azərbaycan xalqına qarşı təxribat və təhqirdir. Hesab edirəm ki, bu təxribat Avropadakı ermənipərəst dairələrin təsiri altında olanların işidir.
Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov niderlandlı araşdırmaçı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası haqda danışarkən deyib.
O bildirib ki, dünya ermənilərin yalanını çox asan eşidir və onlara tez inanır:
“Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarix elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycan mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti (1136-1225)” və digər əsərlərində bir çox prinsipial məsələlərə tutarlı cavablar verib. Sovet dövründə “Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç zaman unutmamalıyıq ki, ən böyük aborigen bizlərik” müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfdən çox böyük cəsarət idi. Təsəvvür edin ki, o dövrdə yazılan hər bir elmi əsər ya Moskvaya təftişə, ya da son nəticədə rəy almağa Yerevana göndərilirdi. Sovet imperiyası türk adı çəkməyə cəsarət edənləri “pantürkist”, islam dinini dilinə gətirənləri isə “panislamist” damğası ilə mühakimə etməyə, cəzalandırmağa hazır durmuşdu. Qafqazın tarixi ilə bağlı Azərbaycan alimlərinin hər hansı bir müddəası ermənilərdə aqressiya, səs-küy yaradırdı. Hələ Stalin zamanında “rəhbər”in tezisi bu idi ki, Qafqazda ən qədim dövlətlər ermənilərə və gürcülərə məxsus olub. Türk adını eşidən kimi imperiya alimləri tarixi həqiqətlərə göz yumur, dodaq büzürdülər.
Bu tipli məsələlərdə Ziya Bünyadov bir alim kimi səsini ucaldır, güzəştə getmir, öz dediyinin və yazdığının üstündə durub onları sübut etməyə nail olurdu. Bu isə ermənilərin saxtalaşdırdığı tarixi yerlə-yeksan etmək, erməni tarixçilərinin belini qırmaq demək idi. Bir məqamı da xatırlatmaq istərdim. O illərdə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ulu öndər Heydər Əliyevə üz tutan, onu Bakıya dəvət edən, bundan ötrü Naxçıvana gedənlərdən biri də Ziya Bünyadov olmuşdu. Heydər Əliyev Ziya Bünyadovun Azərbaycan elminə gətirdiyi tapıntıları çox yüksək qiymətləndirirdi. Naxçıvana səfərlərinin birində Heydər Əliyev Möminə Xatun türbəsinin qarşısında dayanıb “Ziya təkcə bir alim, qəhrəman yox, həm də ən kəskin məqamlarda belə öz xalqının mənafeyini güdən bir şəxsiyyət, vətəndaşdır” - söyləmişdi”.
Yaqub Mahmudov vurğulayıb ki, Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülüb:
“Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da şəxsi yox, milli mənafelərimizi qorumaq üçün istifadə edərdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı.
Bu gün Ziya müəllimin ömür yoluna nəzər salanda onun üç cəbhədə eyni hünərlə döyüşdüyünün şahidi oluruq:
Birincisi, 1941-1945-ci illər müharibəsində faşizmə qarşı döyüşlərdə qazandığı ad xalqımızın adını ucalara qaldırmaq baxımından böyük qəhrəmanlıq idi.
İkincisi, xalqımızın türk kökündən olmasını o zaman, yəni sovetlər dönəmində elmi əsaslarla sübut etmək elmdə əvəzsiz qəhrəmanlıq idi.
Üçüncüsü, Ziya Bünyadov öz elmi tapıntıları ilə tarix elmində ermənilərə qarşı böyük bir cəbhə açmışdı və ömrünün sonuna kimi də bu cəbhədə hünər göstərdi. Düşünürəm ki, Amsterdamda müdafiə olunan “dissertasiyacıq” bütövlükdə antiazərbaycan qüvvələrinin Vətənimizə, xalqımıza qarşı düşmənçilik addımıdır”.
Qeyd edək ki, Amsterdam Universitetinin araşdırmaçısı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası ictimaiyyətdə geniş rezonans doğurub. Sözügedən monoqrafiya ingiliscədir və hazırda azərbaycanlı alimlər bu doktorluq dissertasiyasını analiz edirlər.