Azərbaycan ədəbiyyatının ən qədim yazılı abidəsinin hansı əsər olması haqda müxtəlif fikirlər mövcuddur. Bunun min illik tarixi olduğu deyilsə də, bəzi məlumatlar daha qədim olduğunu deməyə əsas verir.
Tarixə qısa səyahət edərək, bu möhtəşəm iddianın haradan gəldiyinə nəzər salaq.
1934-cü ildə Moskvada SSRİ yazıçılarının ilk Qurultayı keçirilir və tədbirə dünyaca məşhur yazıçı və şairləri - Maksim Qorki, İsaak Babel, Lui Araqon, Martin Neksö, Jan-Rişar Blok, Andre Malro, Rafael Alberti və başqaları dəvət olunur. Qurultayda iştirak edən Azərbaycan nümayəndə heyətinə Azərbaycan Yazıçılar Birliyinin ilk sədri, Bakı Dövlət Universitetinin ilk rektoru Məmmədkazım Ələkbərli rəhbərlik edir (Çoxuna məlum deyil ki, 1918-ci ildə açılan ilk universitetimiz faktiki olaraq 1930-cu ildə Xalq Komissarları Sovetinin qərarı ilə yenidənqurma adı ilə ləğv edildi. Ancaq 1934-cü ildə Azərbaycan Dövlət Universiteti yenidən işə başladı. Məhz bu çətin dövrdə yenidən açılan tədris ocağına təşkilatçı-rektor olaraq Məmmədkazım Ələkbərli təyin olundu).
O dövrün ən tanınmış elm adamlarının ətrafında Azərbaycan nümayəndə heyətinin rəhbəri Məmmədkazım Ələkbərli Qurultaydakı çıxışında bunları deyib:
“Əlimizdə olan faktlara əsaslanaraq deyə bilərəm ki, Azərbaycanın yazılı ədəbiyyatının banisi e.ə VIII əsrdə yaşayan şairə Zibeydə Xatundur. Zibeydə Xatunun azərbaycanlı olması və türk dilində şeirlər yazmasını sübut edən dəlil isə Hindistanın Bombey şəhərində işıq üzü görən “Ruzi Revşən” adlı kitabdır. Beləliklə biz əlimizdə olan sübutlara əsaslanaraq, Azərbaycanın yazılı ədəbiyyatının e.ə VIII əsrə aid olduğunu təsdiq etdik. Amma ola bilər ki, gələcəkdə alimlərimiz, tədqiqatçılarımız daha qədim yazılı ədəbiyyatımızın incisini tapa bildilər. Ona görə ki, Azərbaycan tarixi çox qədim köklərə malikdir”.
Məmmədkazım Ələkbərlinin hazırda Bakıda yaşayan yeganə qohumu - qardaşı nəvəsi, Azərbaycan Britaniya Kollecinin baş meneceri Ələkbər Ələkbərov Axar.az-a açıqlamasında bildirib ki, “Ruzi Revşən” kitabı indiyə qədər Hindistanın arxivlərində tozlanır:
“O vaxt bu məsələnin araşdırılması məlum repressiyalar səbəbindən məcburi dayandırılır. Amma bu işlərlə hazırda heç kim məşğul olmur. Düşmənlərimiz özlərinə saxta tarix yazdıqları bir dövrdə biz öz halal tariximizə yiyə durmuruq”.
Qeyd edək ki, yazıçı, tənqidçi Məmmədkazım Ələkbərli 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olub. 1937-ci il oktyabrın 12-də siyasi repressiyalar çərçivəsində güllələnib.