1991-ci il 18 oktyabr tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olundu və dövlət müstəqilliyi əldə edildi. Yeni Konstitusiyanın işlənib hazırlanması və qəbul edilməsi müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən mühüm və başlıca vəzifələrdən biri olmuşdu. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş görülməmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər görülmüşdü. Ulu öndərin sədrliyi ilə konstitusiya layihəsi hazırlanmışdır. Belə ki, 2 may 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Dövlət komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi.
Azərbaycan ictimaiyyəti yeni Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən 3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə “Hə” cavabını verdi. Beləliklə, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə mindi.
Azərbaycan Respublikasının ilk Konstitusiyasını beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına təminat verən mükəmməl hüquqi sənəddir.
Konstitusiyamız dünyanın ən demokratik konstitusiyalarından biri olmaqla, hüquqi dövlətin təməl prinsiplərini müəyyənləşdirib. Özündə insan və vətəndaş hüquqlarını və vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını ehtiva edən bu Konstitusiyanın qəbul edilməsi dövlətimizin həyatında baş vermiş mühüm ictimai-siyasi hadisələrdən biridir.
Azərbaycanda Sovet hakimiyyəti dövründə konstitusiya dəfələrlə dəyişdirilsə də, onlar bir qayda olaraq imperiyanın mənafelərinə xidmət edirdi. Nəhayət, 24 il əvvəl qəbul olunmuş ilk milli Konstitusiyamız Azərbaycan xalqının seçdiyi yolun, arzu və istəklərinin təcəssümü olaraq meydana çıxdı.
Ümummilli lider Heydər Əliyevin şah əsəri sayılan, müasir demokratik amilləri əks etdirən konstitusiyamız Azərbaycan qanunlarının özəyini təşkil edir.
Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:
1. İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
2. Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
3. Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;
4. Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;
5. Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;
6. Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;
7. İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;
8. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.
Səbuhi Məmmədli