Akademik: "Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmalar ölkəmizə gətirilməlidir"

Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirə olunur. Millət vəkilləri hökumətə təklif və iradlarını səsləndirirlər.

Sherg.az-ın xəbərinə görə, xanım millət vəkili, akademik Gövhər Baxşəliyeva təklif edib ki, xaricdə Azərbaycan mədəniyyətinə məxsus olan əlyazmalar ölkəyə gətirilməlidir: 

"Ürək ağrısı ilə qeyd etməliyik ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, mənəvi sərvətlər, əlyazmalar talanıb, digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı. İşğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb. Xarici ölkələrdə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik. Mən aidiyyatı nazirliyə müraciət edirəm ki, bu məsələyə isti yanaşılsın".